2012-ci ildə Gəncə şəhəri, 2013-cü ildə Biləsuvar şəhəri, 2014-cü ildə isə Quba rayonu “Gənclər Paytaxtı” adını qazandıqdan sonra 2015-ci ildə qalib olacaq şəhərin seçiminə start verilir.
QAZİLƏR.AZ. bildirir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla, ölkənin şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunur.“Gənclər paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Azərbaycanın "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Seçildiyi müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir.
Seçim 2 mərhələdə həyata keçirilir. İlk mərhələdə təşkilat komitəsi tərəfindən namizədliyi irəli sürülən şəhər və rayonlar arasında təqdim olunan sənədlərə əsasən seçim aparılıb, səsvermə siyahısı formalaşdırılıb. Bu il “Gənclər Paytaxtı”nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 26 şəhər (rayon) tərəfindən namizədlik irəli sürülüb, onlardan 11-i səsvermə siyahısına daxil edilərək ikinci mərhələyə buraxılıb. İkinci mərhələ ötən illərdə də olduğu kimi, internet səsverməsi vasitəsilə həyata keçirilir. Artıq 24 yanvar 2014-cü il tarixdə start götürən səsvermə fevralın 1-i saat 23.59-da yekunlaşacaq. 2015-ci ilin “Gənclər Paytaxtı”nın adı isə fevralın 2-də, Azərbaycan gəncləri günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək tədbirdə rəsmi elan ediləcək.
Azərbaycanın “Gənclər Paytaxtı”nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Səsvermə www.genclerpaytaxti.az internet saytı vasıtəsilə həyata keçirilir.