“Mixaylo” ilə dedi-qodusu yayıldı, Amerikaya köçdü... - Uzaq sahillərdə qeyb olan “Anjelika”

“Mixaylo” ilə dedi-qodusu yayıldı, Amerikaya köçdü... -  Uzaq sahillərdə qeyb olan “Anjelika” backend

Qaziler.az Kulis.az-a istinadən məşhur sovet aktrisası, "Uzaq sahillərdə" filmində Anjelika obrazı ilə məşhurlaşan Aqniya Yelikoyeva haqqında maraqlı faktları təqdim edir.

Aqniya Yelikoyeva 1929-cu il noyabrın 6-da anadan olub. 1951-ci ildə Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. Leninqradda Lensovet teatrında müxtəlif rollarda oynayıb.

***

Aqniya Yelikoyevanı yaxın dostları onu daha çox Anqnyuşa deyə çağırırmışlar. Yaşıdlarından fərqlənən gözəlliyi ilə Aqniya həm də maraqlı aktrisa, həddindən çox ciddi insan, yaxşı dost olub.

Teatr fəaliyyəti ilə yanaşı Aqniya Yelikoyeva SSRİ-də çəkilən "Ovod", "Vətəndən uzaqlarda", "Vəkil" adlı filmlərdə müxtəlif rollar oynayıb.

***

Azərbaycanlı tamaşaçı Aqniya Yelikoyevanı rejissor Tofiq Tağızadənin İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilən məşhur "Uzaq sahillərdə" filmindən tanıyıb və sevib.

***

"Uzaq sahillərdə" filminin çəkilişləri zamanı texniki heyətdə çalışan Şahin Qalabəyli filmin çəkilişlərinə başlama mərhələsini belə xatırlayır:
"Nodar aktyor Ülvi Rəcəbin qardaşı oğlu idi. Batumidə yaşayırdılar, acar idilər, amma İslamı qəbul etmişdilər. Həmin vaxt Moskva teatrında çalışırdı. Anjelika rolu üçün Aqniya Yelikoyevanı da oradan dəvət etdilər".

Bəzi məlumatlara görə, "Uzaq sahillərdə" filminin çəkilişləri zamanı baş rolun ifaçısı, "Mixaylo"nu oynayan aktyor Nodar Şaşıqoğlu ilə "Anjelika"nı canlandıran Aqniya Yelikoyeva arasında gerçək məhəbbət yaşanıb.

***

N. Şaşıqoğlunun dəliqanlı xarakteri məlum olduğundan çəkiliş meydançasında çoxlarını Nodarla Aqniyanın münasibətlərinin necə olacağı düşündürürmüş. Ancaq Nodar bu haqda belə yazır:
"Bəli, Aqniya maraqlı qız idi, amma aktyorlar arasında hansısa eşqbazlığın baş verməsinə heç vaxt imkan verməyib. Bizim çox yaxşı münasibətlərimiz, əlaqələrimiz olub. O, milliyyətcə osetin idi, Leninqradda yaşayırdı, Lensovet teatrında işləyirdi".

Həyatda qarşılaşdığı gözəl qızlara biganə qalmayan Nodar Şaşıqoğlu "Uzaq sahillərdə" filmindəki qəşəng tərəf müqabilləri, onlarla münasibətləri haqda medianın suallarını cavablandırarkən bunları da əlavə edib: "Özümə qəti qadağa qoymuşdum, heç bir tərəf müqabilimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi".

***

Aqniya Yelikoyevanın "Uzaq sahillərdə" filmində canlandırdığı Anjelika rolunu azərbaycanlı aktrisa Hökümə Qurbanova səsləndirib.

Aktrisanın kino karyerası 1953-cü ildən, 1988-ci ilə qədər davam edib. SSRİ dağılan dövrdə, 90-cı illərin əvvəllərində aktrisa Sovet İttifaqını tərk edərək həmişəlik ABŞ-a köçüb orada yaşamağa başlayır. Aktrisa haqqında ən son məlumat bu olub. Bundan sonra hətta onun yaşayıb, yaşamadığı barədə də heç bir məlumat əldə etmək mümkün olmayıb.

Diaspora