Kimsəsiz böyüyən yetim, oğlu ölən nakam ata... - VİDEO

Kimsəsiz böyüyən yetim, oğlu ölən nakam ata... -  VİDEO backend

Xəbər verdiyimiz kimi, bu gün xalq artisti Arif Quliyev vəfat edib.

Kult.az gülüş ustası Arif Quliyev haqqında bəzi maraqlı faktları təqdim edir:

Arif Əli oğlu Quliyev 14 may 1950-ci ildə Şirvan şəhərində (Keçmiş Əlibayramlı) anadan olub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub.

1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib. İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri təyin edilib.

1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə əməkdar artist fəxri adına, 1993-cü ildə "Humay" mükafatına, 1993-cü ildə xalq artisti adına layiq görülüb.

Arif Quliyev internatda böyüyüb, hələ bir neçə dəfə müsahibələrində ata-anasını axtardığını da bildirib. Onu hərbi hissəyə yola salmağa kimsəsi olmadığı üçün Mingəçevir Dövlət Dram Teatrının kollektivi yola salıb.

“Mingəçevir işıqları” qəzetində ştatdankənar müxbir kimi də fəaliyyət göstərib.

Sənətçinin gənc oğlu vəfat etmişdi. Müsahibələrinin birində oğlu haqqında bunları demişdi: "Danışmaq həddindən artıq çətindir. Oğlum belimi qırdı”. Oğlu Fərid Quliyev qətldə ittiham edilərək, 14 il müddətinə həbs cəzası almışdı.

Arif Quliyevi tamaşaçılar ən çox bu bədii filmlərdən tanıyıb seviblər:

“Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi”.

Aktyorun teatr səhnəsində ifa etdiyi “Təzə gəlin”, “Gözün aydın”, “Qayınana”, “Durna”, “Gurultulu məhəbbət”, “Hicran”, “Ev bizim, sirr bizim”, “Hambal” tamaşalarındakı obrazları komediya janrında hər zaman yaddaşlarda qalacaq.

Arif Quliyev müsahibələrinin birində məşhur “Oraaa!” - haradı” sualına adəti üzrə, gülərək belə cavablayır:

“Elə hamı məndən soruşur ki, “ora” hara idi? Mən də deyirəm ki, xeyirdimi, mən “ora”nın yerini deyim, siz məndən qabaq gedəsiniz...”

Allah rəhmət eləsin!

Diaspora