Ölkəmizin Serbiyadakı səfirliyi paytaxt Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və burada yaşayan həmvətənlərimizin təşəbbüsü ilə görkəmli şairimiz Bəxtiyar Vahabzadənin bu ölkədə yaxından tanıdılması və adının əbədiləşdirilməsi üçün şəhər meriyasına müraciət edib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, bununla əlaqədar şəhər meriyası və ölkə parlamentinin iyunun 23-də keçirdiyi iclasda Belqradın Tsrnotravske küçəsindən başlayaraq Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək olan hissəsinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsi haqqında qərar qəbul edilib.Qeyd edək ki, bu küçə ölkəmizin səfirliyinin binasına yaxın yerdə və şəhərin ən görkəmli hissəsində yerləşir. Səfirliyin müraciətinə Belqrad şəhər meriyasının müsbət cavab verməsi Azərbaycanın Balkanlarda artan nüfuzunun, dost və strateji tərəfdaş kimi Serbiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin növbəti bariz nümunəsidir.