Paşayeva Gərayzadəni təbrik etdi

Paşayeva Gərayzadəni təbrik etdi backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Vaqif Gərəyzadə ilə Mədəniyyət Komitəsində görüşüb.

Qazilər.az xəbər verir ki, millət vəkili bəstəkarı 60 illik yubileyi münasibəti təbrik edib.

“Sizi – tanınmış incəsənət xadimi, bəstəkar, fəlsəfə elmləri üzrə fəlsəfə doktorunu 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik! Siz alim, müəllim və incəsənət xadimi olaraq, gənc nəslin sənətə həvəsləndirilməsi, uğurlar əldə etməsi, onların yolunda yaşıl işıq yandırılması sahəsində özünəməxsus xidmətləri olan tanınmış aydınımızsız.

Siz müxtəlif janrlarda (o cümlədən caz, pop musiqisində) 100-ə yaxın mahnının müəllifisiz. Siz bir sıra beynəlxalq festival və müsabiqələrin qalibi, “Aypara”, “W-trio”, “Şeron”, “Şərq ulduzları” musiqi qruplarının yaradıcısısız.

Sizi 60 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk!” – millət vəkili bildirib.

Q.Paşayeva V.Gərəyzadəyə Mədəniyyət Komitəsi adından təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Tanınmış bəstəkarla görüşdə, mədəniyyət ili olaraq xarakterizə olunan 2021-ci il içində həyata keçirilməsi nəzərdə tutulan mədəniyyət layihələri ilə bağlı da fikir mübadiləsi aparılıb.

V.Gərəyzadə səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Görüşdə "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva və tanınmış rejissor Rövşən İsax iştirak edib.

Diaspora