Valeh Kərimov: “Hətta min manata da sənədli film ərsəyə gətirmək mümkündür”
Xəbər verdiyimiz kimi, Vətən müharibəsinin şahidi, türkiyəli jurnalist Fulya Öztürk 44 günlük müharibə ilə bağlı sənədli film hazırlayıb. Filmdə erməni vəhşilikləri ilə yanaşı, Azərbaycan ordusunun şanlı qalibiyyəti, dövlətimizin və xalqımızın həlledici məqamda sərgilədiyi qətiyyət öz əksini tapıb.
Moderator.az-a açıqlama verən Xalq artisti Valeh Kərimov Azərbaycanın da 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı sənədli-bəddi filmlər çəkməsinin vacibliyinə toxunub:
“Təbii ki, Vətən müharibəsi ilə bağlı belə bir filmin çəkilməsi təqdirəlayiqdir. Bu, erməni vəhşiliyinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Türkiyə sağ olsun ki, belə bir film çəkib, amma bəs biz? Biz niyə Vətən müharibəsi ilə bağlı bu cür filmlər çəkməkdə ləngiyirik? Hətta min manata da sənədli film ərsəyə gətirmək mümkündür. Artıq Qarabağ azaddır. Ora getmək, Vətən müharibəsi ilə bağlı bir-birindən maraqlı filmlər çəkmək üçün heç bir problem yoxdur. Sadəcə, işləmək lazımdır. Biz iki gündən bir belə bir film ərsəyə qoya bilərik və qoymalıyıq da. Ümid edirəm ki, heç deyilsə bundan sonra bu sahədə lazımi irəliləyişə şahid olacağıq”.