Çanaqqala döyüşündən 106 il keçir

Çanaqqala döyüşündən 106 il keçir backend

Düz 106 il əvvəlin bu günü müasir Türkiyənin tarixinə ən əhəmiyyətli günlərdən biri kimi düşüb – Çanaqqalada həlledici döyüş baş tutub.

İrimiqyaslı hərbi əməliyyat Uinston Çörçillin təşəbbüsü ilə Antanta ölkələri tərəfindən başladılmışdı. Əsas məqsəd Osmanlı İmperiyasının paytaxtı - İstanbulu ələ keçirmək və Rusiyaya dəniz yolunu açmaq idi.

İstanbulun süqutu təkcə Osmanlı İmperiyasının süqutu yox, həm də Türk dövlətçiliyinin itirilməsi olacaqdı. Bunu anlayan türklər həlledici döyüşə ciddi hazırlaşdılar və düşmən qüvvələrini dəf etdilər. Gelibolu yarımadasındakı döyüşlər həm quruda, həm də dənizdə baş verirdi. Dəniz döyüşləri 1915-ci il fevralın 18-dən martın 18-dək davam etdi. Quruda isə müharibə 25 aprel 1915 - 9 yanvar 1916 aralığında davam etdi. Bu, Türkiyə tarixinin ən qanlı döyüşlərindən biri oldu. Çanaqqala döyüşündə bəzi təxminlərə görə hər iki tərəfdən 500 mindən çox insan həlak olub. Türkiyə ordusunun qələbəsindəki əsas rollardan birini o dövrdə qoşun komandirlərindən biri olan Mustafa Kamal Atatürk oynadı.

Türkiyədə bu tarixə böyük hörmət və xüsusi qürurla yanaşılır.

Hər il bütün ölkə vətənləri uğrunda şəhid olanların xatirəsini anaraq 18 martı qeyd edir. Bu il koronavirus pandemiyası səbəbindən bu tarixlə əlaqədar genişmiqyaslı tədbirlər ləğv edilib, lakin müəyyən anım tədbirləri baş tutub.
Diaspora