2015-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edib.
QAZİLER.AZ saytı xəbər verir ki, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2015-ci ilin birinci yarısında Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Atıcılıq mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri və Bakı Konqres Mərkəzi istifadəyə verilib.
Həmin müddət ərzində “Qafqaz Baku Sport Hotel” mehmanxana kompleksi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabrikinin tikintisi başa çatdırılaraq istismara verilib.
Bundan əlavə, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli, ümumi sahəsi 870,4 min kvadratmetr olan yeni yaşayış sahəsi, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4908 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və digər obyektlər istifadəyə verilib.