Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində  UNİCEF-lə birgə görüləcək işlər müzakirə olunub backend

Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində UNİCEF-lə birgə görüləcək işlər müzakirə olunub

Ölkəmizdə həssas qruplardan olan uşaqlarla bağlı sosial xidmətlər sisteminin də əhatə dairəsi ildən-ilə genişlənir. Həmin xidmətlərin uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına, normal həyata dönüşünün təmin olunmasına yönəlik istiqamətdə qurulması aparılan sosial siyasətin əsas hədəflərindən biridir.

Qaziler.az bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşündə bildirib.

O, uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunmasının Prezident cənab İlham Əliyevin sosial inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Nazir Azərbaycanda uşaqlarla bağlı dövlət siyasətinin BMT-nin “Uşaq hüquqları Konvensiyası”ndan irəli gələn yanaşmalara uyğun qurulduğunu qeyd edib. Həssas qruplardan olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı, bu istiqamətdə fəaliyyət müstəvisinin getdikcə genişlənməsi üçün aparılan işləri diqqətə çatdırıb.

S.Babayev UNİCEF-lə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, qarşıdakı dövrdə uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində birgə işlərin miqyasının daha da genişlənəcəyinə əminliyini bildirib.

E.Karvardin əməkdaşlıq çərçivəsində icra olunmuş layihələrin əhəmiyyətini qeyd edib.

Görüşdə sosial müdafiə və uşaq müdafiəsi istiqamətində 2021-2025-ci illər üçün prioritet istiqamətlər (uşaqlarla bağlı inteqrasiya olunmuş sosial xidmətlər sisteminin genişləndirilməsi, sosial xidmətlər üzrə kadrların bilik və bacarıqlarının artırılmasına, sosial xidmətlərdə keyfiyyət standartlarının tətbiqinə dəstək və s.) üzrə aparılacaq işlər, bu sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.