Xaricdə təhsil: siyahı təsdiq olundu

Xaricdə təhsil: siyahı təsdiq olundu backend

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin 2015-2016-cı tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub.

Təhsil Nazirliyindən Lent.az_a verilən məlumata görə, prezident yanında Təhsil üzrə Komissiyanın sədrinin sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən 2015-2016-cı tədris ilində gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər.

Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib. Bu il keçiriləcək müsabiqədə əsas üstünlük I dərəcəli ixtisas istiqamətlərinə veriləcək. 2015-2016-cı tədris ili üçün gənclər Dövlət Proqramına yalnız müəyyən olunmuş prioritet ixtisas istiqamətləri üzrə müraciət edə biləcəklər. Eyni zamanda, 2015-2016-cı tədris ili üçün Dövlət Proqramına namizədlərin seçimi prosesində təhsillərini xarici ali təhsil müəssisələrinin magistratura və doktorantura səviyyələrində davam etdirmək istəyən gənclər üstünlüyə malik olacaqlar.

Hazırda Təhsil Nazirliyi sənəd qəbulu prosesinin daha səmərəli təşkili məqsədilə hazırlıq işləri həyata keçirməkdədir və 2015-2016-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu prosesinin başlanması və başa çatması tarixləri haqqında ən qısa zamanda ictimaiyyətə əlavə məlumat verəcək.

Vətəndaşlardan sənəd qəbulu prosesi başlayana qədər sənədlərini Nazirliyə şəxsən və ya poçt vasitəsilə təqdim etməmələri xahiş olunur. Rəsmi şəkildə elan olunmuş sənəd qəbulu prosesindən kənar təqdim olunmuş heç bir sənəd nəzərə alınmayacaq.

Qeyd edək ki, ötən tədris ilində 573 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış Dövlət Proqramı təqaüdçüləri siyahısına daxil edilib. Ötən ilki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 310 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. Prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib. İlk dəfə olaraq ötən il 9 nəfər kənd təsərrüfatı, 14 nəfər təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb. Tələbələr əsasən Türkiyədə, eləcə də Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük veriblər. Sadalanan ölkələrlə yanaşı, ötən il Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı əldə edib. Dövlət Proqramı çərçivəsində indiyədək 3185 təqaüd dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq üçün ayrılıb.
Diaspora