Əlilliyi olan şəxslər üçün Rusiyadan Azərbaycana təkərli oturacaqlar göndərildi - FOTO backend

Əlilliyi olan şəxslər üçün Rusiyadan Azərbaycana təkərli oturacaqlar göndərildi - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rusiyanın Primorye diyarındakı Azərbaycan diasporu əlilliyi olan şəxslər üçün ölkəmizə 566 ədəd təkərli oturacaq göndərib.

Təkərli oturacaqlardan bir qismi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzindəki əlilliyi olan şəxslərə təqdim edilib.

Tədbirdə Agentliyin sədr müavini Faiq Ağayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov və başqaları iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, təkcə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə 1000-i təkərli oturacaq olmaqla 35 minə yaxın reabilitasiya vasitəsi verilib. İl ərzində ölkəmizin müxtəlif bölgələri üzrə 1252 əlilliyi olan şəxsə, o cümlədən Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 262 şəxsə ehtiyac duyduqları 7151 reabilitasiya vasitəsi yaşadıqları regionlara, bir qisminə evlərinə aparılaraq verilib. Post müharibə dövründə də 15 hərbçi yüksək texnologiyalı müasir protezlə, əlavə olaraq 210 müharibə əlili 1220 reabilitasiya vasitəsi ilə təmin edilib, müharibədə yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına da başlanıb.

Reabilitasiya vasitələri Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə iş müstəvisində əlilliyi olan şəxslərə təqdim edilir.