Bu etibarnaməni notariusa getmədən vermək mümkün olacaq - YENİLİK backend

Bu etibarnaməni notariusa getmədən vermək mümkün olacaq - YENİLİK

Azərbaycanda mobil notariat tətbiqinə yeni xidmət əlavə edilib. Artıq bu gündən tətbiq vasitəsilə banklarda istifadə üçün etibarnamələrin verilməsi başlanılıb.

Qazilər.az xəbər verir ki, bu barədə bu gün keçirilən onlayn brifinqdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Zaur Həsənov məlumat verib.

O bildirib ki, ilkin mərhələdə mobil notariat tətbiqinə vətəndaşlarda inam az oldu:

“İlkin günlərdə inam az olduğu üçün tətbiqdən istifadə az olub. Lakin, getdikcə mobil notariat tətbiqindən istifadə artdı. Xüsusilə də pandemiya dövründə bu daha çox özünü göstərdi. İlk olaraq tətbiq vasitəsilə avtomobillərə, vəkillərə, pulsuz və güzəştli dərman yardımı almaq hüququ olan şəxslərə etibarnamələrin verilməsi və s. xidmətlərlə başlanıldı.

Bu gün mobil notariat tətbiqi istifadəçilərinin sayı 100 mini ötür. Dövlət qurumları tərəfindən tətbiq edilən mobil tətbiqlər arasında ilk üçlükdə yer alır. Vətəndaşlarda bu sistemə maraq günbəgün artır”.

Azərbaycanda mobil notariat tətbiqilə banklarda istifadə üçün etibarnamələrin verilməsinə də başlanılıb:

“Artıq tətbiqin yeni versiyası istifadəyə verilir. Bu gündən banklarda istifadə üçün etibarnamələrin verilməsi başlanılıb. Vətəndaş olduğu yeri tərk etmədən mobil notariat tətbiqi üzərindən videoyazı vasitəsilə istədiyi şəxsə bankda təmsil olunması üçün etibarnamə verəcək. Tətbiq fasiləsiz işləyir, bayram və istirahət günləri də daxil olmaqla sutka ərzində fasiləsiz fəaliyyət göstərir”, - deyə o, qeyd edib.