Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlayır? - “Təlimlər buna yönəlib“ backend

Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlayır? - “Təlimlər buna yönəlib“

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun üç günlük hərbi təlimlərinə start verilib.

Bu, Vətən müharibəsindən sonra həyata keçirilən ilk genişmiqyaslı təlimdir. Belə ki, təlimə canlı qüvvə olaraq 10 min nəfərlik şəxsi heyət cəlb olunub.

Maraqlıdır, təkrar hərbi təlimlərin başlanması hansı zərurətdən doğdu? Qarabağda antiterror əməliyyatı aparıla bilər?

Mövzu barədə Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd edib ki, Azərbaycan Ordusunun apardığı təlimlər plan xarakterlidir:

“Müharibəyə qədər də Azərbaycan Ordusu mütəmadi olaraq irimiqyaslı təlimlər həyata keçirirdi. Onların ssenarisi Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı idi. Lakin artıq işğalçı qüvvələr darmadağın edilib və ərazi bütövlüyü bərpa olunub. İndi isə biz ordumuzun döyüş potensialını qaldırmaq üçün plan-proqram üzrə nəzərdə tutulmuş tədbirlər həyata keçiririk. Bu təlimlərin məqsədi təlim iştirakçılarının öz vəzifə borclarını yerinə yetirmələrində keyfiyyəti yüksəltmək, ordunu təkmilləşdirməkdir. Hazırda Azərbaycan Ordusu xırda qruplarla təşkil edilə biləcək digər təxribatların qarşısını almaq niyyətindədir”.

Hərbi ekspert diqqətə çatdırıb ki, məkrli yollara əl atan bəzi terrorçu qüvvələr revanşist fikirlərdən, təxribat törətmək niyyətlərindən hələ də əl çəkməyiblər:

“Ona görə də bütün vəziyyət və şəraiti nəzərə alaraq baş verə biləcək terrorçuluq fəaliyyətinin qarşısını almaq üçün Azərbaycan Ordusu öz döyüş potensialını yüksəldir. Ümumiyyətlə, bütün təlimlər orduların antiterror əməliyyatına bağlı olur. Ona görə təbiidir ki, Azərbaycan da öz təlimlərini terrorçuluğa qarşı mübarizəyə yönəldib. Bu ssenaridə hər kəs öz vəzifəsini yerinə yetirir. Döyüş hazırlığının yüksək səviyyədə olmalıdır”.