İkinci Qarabağ müharibəsində şücaət göstərən hərbçilərimizdən biri də Şahverdiyev Böyükağadır.
Şahverdiyev Böyükağa Savalan oğlu 15 iyun 1998-ci ildə Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Böyükağa uşaq olarkən atasını itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbdə təhsil aldığı müddət ərzində həmişə həmyaşıdlarından müsbət istiqamətdə seçilib.Savadı, biliyi, bacarığı, vətən sevgisi aşırı dərəcədə yüksək idi. Daima şüarı “Qarabağ, Cəbrayıl, Vətən bölünməz şəhidlər ölməz” olub. O şüarları hazırda şəhid otağındakı guşəsində də yer alır. Dəfələrcə nümunəvi addımlarına görə diplom və sertifikatlara layiq görülüb.
2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) İqtisadiyyat fakültəsinə daxil olub. 2019-cu ildə universiteti bitirərək hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Böyükağanın hərbi xidmətdə vəzifəsi minaatan olub. O, düşmənin çox sayda canlı qüvvəsini və texnikasını məhv edib. Uşaqlıqdan Qarabağ, Cəbrayıl sevgisinin yüksək olması, bu əraziləri dərindən öyrənib mənimsəməsində böyük rolu olub, Qarabağın hər bir coğrafi xəritəsini əzbər bilib və bu biliklərini döyüş zamanı çox dəqiqliklə tətbiq edib.
Şahverdiyev Böyükağa oktyabrın 8-də Füzuli rayonu döyüşlərində qəhrəmancasına şəhid olub. O, oktyabrın 9-da Cəbrayıl qəsəbəsində salınmış Şəhidlər Xiyabanında dəfn olunub.
Şahverdiyev Böyükağa Savalan oğlu ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. (oxu.az)

