Əliməmməd Nuriyev: "Bu il əfv edilənlərin sayı çox ola bilər" backend

Əliməmməd Nuriyev: "Bu il əfv edilənlərin sayı çox ola bilər"

Müxtəlif xarakterli cinayətlərə görə məhkum edilmiş şəxslər barəsində onların nümayəndələri, özləri, ombudsman və millət vəkilləri tərəfindən bir çox vəsatətlər qaldırılıb.

Bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Komissiyanın 8 iclasında 800-dən çox müraciətlərə baxıldığını bildirən Əliməmməd Nuriyev bundan sonra da bir neçə iclasın keçiriləcəyini qeyd edib:

"İclaslarda iqtisadi, idarəçilik əleyhinə olan cinayətlərlə yanaşı bir çox müxtəlif cinayətlərlə bağlı məsələlərə baxılır. Nə qədər insanın əfv sərəncamına düşəcəyini isə əvvəlcədən demək çətindir.

Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Lakin ötən illərin təcrübəsini nəzərə alsaq görərik ki, 2018-ci ildə Cümhuriyyətin 100 illiyi ilə bağlı 634 məhkum əfv edildi. 2019-cu ildə isə 431 məhkum azad edildi. Ola bilər ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə sərəncamda bu dəfə də xeyli sayda insanın əfv edilməsi mümkün olsun".

Ə. Nuriyev amnistiya aktının qəbul edilməsinin isə Milli Məclisin səlahiyyətinə aid olduğunu bildirərək, qələbə münasibətilə bu barədə qərar qəbul edilməsinin tərəfdarı olduğunu qeyd edib.