Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb backend

Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb

İlk iclasda şuranın sədr, sədr müavini və katibi seçilib

Qaziler.az bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb.

Nazir Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə sosial islahatların, sosial müdafiə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb. S.Babayev bu proseslərdə vətəndaş cəmiyyəti institutları ilə formalaşan fəal əməkdaşlıq təcrübəsinin əhəmiyyətini qeyd edib. Xüsusilə Nazirlik yanında İctimai şura ilə birgə işlərin Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın, ictimai nəzarətin təmin olunmasında önəmini diqqətə çatdırıb.

Nazir sosial sahədə aparılan islahatlarda, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin təşkilində, yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işlərində İctimai şuranın iştirakına geniş şərait yaradıldığını deyib. O, bu istiqamətlərdə şura üzvlərinin rəy və təkliflərinin diqqətlə öyrənildiyini və nəzərə alındığını, qarşıdakı dövrdə də birgə işlərin davam edəcəyini bildirib.

Sonra İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda vətəndaş cəmiyyəti institutlarından Elşad Məmmədov şuranın sədri, Umud Mirzəyev şuranın sədr müavini, Ramilə Mahmudova şuranın katibi seçiliblər.

E.Məmmədov Nazirliyin öz fəaliyyətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa, aparılan sosial islahatlarda şəffaflığın və ictimai nəzarətin təmin edilməsinə, ictimaiyyətlə əlaqələrin təşkilinə xüsusi diqqət ayırmasını yüksək dəyərləndirib. Şuranın Nazirliyin uğurlu islahatlar prosesinə öz töhfələrini vermək üçün səylə çalışacağını vurğulayıb.

İclasda Şuranın tərkibində 5 istiqamət üzrə işçi qruplar yaradılıb.