Şəhid kapitanın həyat yoldaşı: “Nurlan oğlunu mənə hədiyyə etdi” - FOTO backend

Şəhid kapitanın həyat yoldaşı: “Nurlan oğlunu mənə hədiyyə etdi” - FOTO

İki gün əvvəl dünyaya gələn Vətən müharibəsinin şəhidi Nurlan Mustafayevin övladı xəstəxanadan evinə yola salınıb.

Atasının adı verilən körpəni xəstəxanada “YAŞAT” Fondunun əməkdaşları, şəhid kapitanın döyüş və iş yoldaşları, ailəsi və yaxınları qarşılayıb.

Şəhidin həyat yoldaşı Günay Mustafayeva bildirib ki, ana olmaq gözəl hissdir:

“Hiss edirəm ki, Nurlan ruhən bizim yanımızdadır. Mən onunla həmişə fəxr etmişəm. Bizim toyumuz ötən ilin martın 8-də olmuşdu. Nurlan bu il isə özü olmasa da, oğlunu mənə hədiyyə etdi. Martın 9-da bizim oğlumuz doğuldu”.

Şəhidin anası Rəhilə Mustafayeva bildirib ki, bu gün onlar üçün sevindirici gündür:

“Bu gün bizim üçün yeni Nurlan doğuldu. Oğlum, gözün arxada qalmasın. Özün kimi mükəmməl bir Nurlan böyüdəcəyik”.

Körpənin babası Orucov Oruc isə bildirib ki, nəvəsi böyüyüb, atasının yolun davam etdirəcək.

Qeyd edək ki, Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 12-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qəhrəmanımız ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni , “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.