Etibarlı, ciddi və uğurlu... - Qənirə Paşayevanın yazısı backend

Etibarlı, ciddi və uğurlu... - Qənirə Paşayevanın yazısı

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik


(Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)

Dəmir Yumruq Qarabağda yeni reallıq yaranıb. Azərbaycanla Ermənistan münasibətlərində yeni reallıq yaranıb. Bu reallıq bütövlükdə Qafqazdakı reallıqları müsbət məcrada dəyişib. Qafqazda yaranmış yeni reallıq Avrasiyanın siyasi-iqtisadi reallıqlar mənzərəsini dəyişdirib. Azərbaycanın
- Türkiyə və Gürcüstanla,
-Türkiyə və Türkmənistanla,
-Türkiyə və Pakistanla,
-İran və Rusiya ilə,
-Türkiyə və Rusiya ilə... üçtərəfli, bunun yanısıra ikitərəfli və çoxtərəfli layihələrdə iştirakı, mühüm töhfələri özünəməxsus hadisələrdir. Danılmaz faktdır ki, 44 günlük Vətən Müharibəsindən sonra bu çoxvektorlu əməkdaşlıq mühitləri yeni imkanlar, yeni zənginliklər qazanıb. İndi uğursuz Ermənistan dövləti öz anlamsız, perspektivsiz inadından dönərək bu layihələrin hər hansı birində yer almağa çalışmalı yaxud öz qabında əriyib sıradan çıxmalıdır. Azərbaycanın qazandığı, qazandırdığı yeni üfüqlərdə kiçik, uğursuz və artıq məğlub Ermənistan oyunçu, tərəf müqabili deyil, xahiş edən, kömək istəyən, yardım dilənən bir perspektivə doğru yuvarlanmaqdadır. “Ermənistanda Ermənistanlılıq qalmamalıdır” – müharibədən öncələr mətbuatda tez-tez keçən bu deyim, artıq öz təsdiqini tapmaqdadır.
İndi ən çox müzakirə olunan mövzulardan biri Azərbaycanla Ermənistan arasında, bu vəsilə ilə Qafqazda (Avrasiyada) kommunikasiyaların açılması, yeni yolların tikilməsidir. Ümummilli liderin sözləri bugünlərdə öz təsdiqini bir daha tapır: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” və “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
Azərbaycan ümumən enerji, nəqliyyat sahəsində əməkdaşlığa, dərin işbirliyinə açıq ölkədir. Biz bu sahədə zirvələr fəth etmiş ölkəyik. Beynəlxalq önəm daşıyan enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyimiz layihələrin hamısı uğurla başa çatdırılıb. Azərbaycanın Güney Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə çevrildiyi danılmaz faktdır.
Nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər və Qara dəniz hövzəsində nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və əlbəttə, Azərbaycan bu istiqamətdə işlər görür.
Digər yandan biz məsələn, dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyik. Elektrik enerjisinə gəldikdə, bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda elektrik enerjisi ixrac edir, bu ixrac prosesindən böyük vəsait qazanır.
Beləliklə, Azərbaycanın bütün məsələlərə aydın strateji baxışı, doğru yanaşması var. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə baxışı, təsəvvürü, təşəbbüs və ideyaları heç kəsin mənafeyinə ziyan vurmur, necə deyərlər, “qazan-qazandır” formulu ilə uzlaşır. Azərbaycan bu ümumi plan içində bundan sonra da irəliləyəcək, yeni başarılar əldə edəcək.

Müstəqil Azərbaycan regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu layihələrdə öz çəkisini, yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır, bu imici yeni çalarlarla zənginləşdirir. Dövlətimizin iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, üzərinə götürdüyü öhdəliklərə ləyaqətli yanaşması ölkəmizin imicini yüksəldib, etibarlı tərəfdaş olduğumuzu sübut edib. Bu sübut sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Bir sözlə, respublikamız üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirib. Azərbaycan bütün başqa ölkələrlə münasibətlər sistemində etibar qazanmış, bərabərhüquqlu tərəfdaşdır. Bu prinsipialıq istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində yaxud digər platformalarda olsun – həmişə özünü göstərib. Biz müttəfiqlərimizlə səmimiyik, başqalarının beynəlxalq hüquqla qorunan mənafelərinə qarşı deyilik və özümüzə qarşı ədalətsizlikləri də qəbul etmirik.
Dövlət, xalq, ölkə olaraq imicimiz, mövqeyimiz zamanın sınağından çıxıb, mübahisələndirilə bilməz.

DÖVLƏTİMİZ VAR OLSUN!