Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Vaqif qızı Cəfərova ilə görüşüb.
Qazilər.az xəbər verir ki, qəhrəman zabitin xanımını qələbə münasibəti ilə təbrik edən millət vəkili şəhid polkovnik-leytenantın ruhu qarşısında dərin ehtiramla bəş əydiyini söyləyib.“Sizin Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızınız, Nurlan adında oğlunuz var. Qəhrəmanımızın ömrü övladlarında yaşasın. İndi Ramiz Cəfərov adı hamımız üçün əzizdir, doğmadır. Qəhrəman şəhidimizin adı ilk növbədə övladlarının baş ucalığı, alın açıqlığı, qürurudur.
Həyat yoldaşınız 2016-cı ilin Aprel döyüşlərində də savaşıb. O, hələ sağlığında “Azərbaycan Silahlı Qüvvələri Veteranı” və bir sıra başqa medallarla təltif olunmuşdu.
Ramiz Cəfərov kimi peşəkar hərbçilərimizlə hər zaman qürur duyacağıq!”- millət vəkili bildirib.
Qəhrəman şəhidimizin həyat yoldaşına Komitə adından təşəkkür məktubu və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə RHİM İB sədri Arzu Bağırova da iştirak edib və ürək sözlərini bölüşüb.
Qeyd edək ki Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ramiz Sübhan oğlu Cəfərov (10.12.1974, Kiyev, Ukrayna - 05.11.2020, Şuşa, Azərbaycan) 1981-1989-cu illərdə Sumqayıt şəhərinin 11 saylı tam orta məktəbində, 1989-1992-ci illərdə isə C.Naxçıvanski adına Hərbi Liseydə oxuyub. 1992-1996-cı illərdə Ryazan Hava Desant Liseyində ali hərbi təhsil alıb. O, alman, ingilis və rus dillərini bilən peşəkar hərbçi idi.
Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Ramiz Cəfərov Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub, Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən polkovnik-leytenant Ramiz Cəfərov “Vətən Müharibəsi Qəhrəmanı” yüksək adına layiq görülüb.
Qəhrəmanımız həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

