Vətən müharibəsində qazandığımız QƏLƏBƏ peşəkar komandanlıq nümunəsidir backend

Vətən müharibəsində qazandığımız QƏLƏBƏ peşəkar komandanlıq nümunəsidir

Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib ki, Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır.

Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünəinamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Bu mənada Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir.

Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəf idi. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimizi həlledici rol oynadı. Mərd oğullarımız Azərbaycan torpaqlarını işğal edən mənfur düşmənlə üz-üzə qəhrəmancasına mübarizə apardılar. Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Ermənistan işğal etdiyi ərazilərdən qovuldu, o torpaqlarda indi Azərbaycan üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs bayrağı ucalır. Müharibədə döyüş də, şəhidlik də var. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız Vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda şəhidlik mərtəbəsinə yüksəliblər.

Azərbaycanın son illərdəki nailiyyətlərinin durmadan genişlənməsi bu təcavüzkar siyasətin başında dayananları qıcıqlandırmaya bilməzdi. 2016-cı ilin Aprel savaşı, bu il iyulun 12-də və 13-dəki döyüşlər işğalçı ölkə üçün çox ciddi dərs olmalı idi. Ermənilər, xüsusilə baş nazir Paşinyan bundan nəticə çıxarmalı, Azərbaycan ordusunun gücünü, qüvvəsini düzgün qiymətləndirməli idi. Lakin bu, baş vermədi. Küçə və meydanlardan ölkə rəhbərliyinə gələn Nikol Paşinyan bu vaxta qədər danışıqlar prosesindən əldə olunmuş bütün razılaşmaların üstündən xətt çəkdi. O, dövlət başçısına xas olmayan hərəkətləri, qeyri-ciddiliyi, münaqişənin tarixindən, beynəlxalq hüquqdan bixəbərliyi və sərsəm bəyanatları ilə Azərbaycana qarşı Ermənistana rəhbərlik etmiş şəxslərin heç birinin etmədiyi təhqirlərə yol verdi. “Qarabağ Ermənistandır” deyən baş nazir düşünülməmiş addımları ilə danışıqlar prosesini mümkünsüz etdi və münaqişənin hərb yolu ilə həllindən başqa çıxış yolu qoymadı. Nəticədə düşmən üzbəüz savaşda minlərlə canlı qüvvəsini və texnikasını itirdi...

Qazanılmış böyük Qələbədə bütün qoşun növlərinin payı var. Ərazilərin azad olunmasında ordu korpusları, xüsusi təyinatlılar, sərhəd bölmələri, daxili qoşunlar, kəşfiyyatçılar öyük şücaət nümunəsi göstəriblər. Şübhəsizdir ki, onlardan hər birini vahid komandanlıq birləşdirirdi. Vətən müharibəsi peşəkar komandanlıq nümunəsidir.

Xatırladaq ki, mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, Azərbaycanın şəhərlərini ballistik raketlərlə, fosforlu, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, o cümlədən uşaqlar, qadınlar həlak olub. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Cəbhə bölgəsi olmayan Gəncə, Mingəçevir, Yevlax, Tərtər, Ağdam, Ağcabədi kimi iri yaşayış məntəqələrinin raketlərlə atəşə tutulması heç bir məntiqə sığmırdı. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 100 nəfər həlak olub, 416 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 4186 ev, 135 çoxmənzilli yaşayış binası və 548 mülki obyekt yararsız vəziyyətə düşüb. Bütün bunlar artıq ictimaiyyətə məlumdur.

Ölkəmiz üçün indi yeni dövr - quruculuq dövrü başlanmışır. Prezident İlham Əliyev bu xüsusda demişdir: “Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini göstərir. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq – ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri”. Törədilmiş cinayətlərə görə Ermənistan, Azərbaycan xalqının cəlladları beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir.

Əlbəttə, strateji planlaşdırma qələbənin əldə edilməsində mühüm amil oldu. Əgər planlaşdırma düzgün olmasaydı, bu qələbənin qazanılması çox çətin olardı. Bu mənada Ali Baş Komandanımızın sərkərdəlik məharətinə heyran olmamaq mümkün deyil. Təsadüfi deyil ki, hazırda dünyanın bir sıra ölkələrində Azərbaycanın hərb meydanında təcrübəsi öyrənilməkdədir.

Yaşasın müstəqil Azərbaycan, yaşasın Cənab Ali Baş Komandan, yaşasın Azərbaycan Əsgəri!

Maşalla Əliyev
Qarabağ Qaziləri İctimai Birliyinin Cəlilabad filialının sədri