Komitə sədri şəhid anası ilə görüşdü - FOTO backend

Komitə sədri şəhid anası ilə görüşdü - FOTO

Milli Məclisin Mədəniyyət komitsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Vüsal Məmmədovun anası Mahirə Nemət qızı Məmmədova ilə görüşüb.

Qazilər.az xəbər verir ki, millət vəkili qəhrəman şəhidimizin həyat və döyüş yolu ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb:

"Əziz şəhid anası. Siz, Vətən uğrunda cəsur döyüşçünün anasısız. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci də, qürur və təbriki də, ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuz Vüsalın ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Vusal Azərbaycan Milli Aviasiya Akademiyasında ali təhsil alıb. 2019-cu ilin aprelində hərbi xidmətə başlayan Vüsalın şəkli, xidmət etdiyi müddətdə hərbi hissənin "Şərəf lövhəsi"nə vurulub; o, Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə cəlb olunub, Talış, Suqovuşan, Ağdərə istiqamətində fədakarlıqla vuruşub və 10-cu ayın 10-cu günündə Suqovuşanda şəhadət şərbəti içib.

Vüsal Məmmədov cənab Prezident tərəfindən “Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Vüsal kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"!

Qəhrəman şəhidimizin anasına komitə adından Təşəkkür Məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.

Görüşdə deputat Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüb.