Əfsanəvi alay komandiri “Babək”in əsgəri olub QAZİLER AZ saytı Azərbaycanın Milli Qəhrəmanı, mərhum alay komandiri, Azərbaycan Milli Ordusunun qurucularından biri polkovnik-leytenant Şirin Mirzəyevlə bağla olduqca maraqlı bir foto əldə edib. Ş.Mirzeyevin ailəsindən əldə etdiyimiz fotoda komandir Babək filminin çəkilişlərində iştirak etdiyi güman edilir. Məsələ ilə bağlı Ş.Mirzəyevin ailəsi ilə əlaqə saxladıq. Ailədən bildirdilər ki, bu foto həqiqətən də Babək filminin çəkilişində lentə alınıb. O zaman filmdə Daxili Qoşunların əsgərləri kütləvi döyüş səhnələrdə çəkilirmiş. Ş.Mirəzyev də əsgərləri ilə birgə çəkilişlərdə iştirak edib. Bu foto da o zamandan qalıb.
Qeyd edək ki, yaxınlarının, silahdaşlarının verdiyi məlumata görə, Ş.Mirzeyiv hələ gənclik illərindən ədəbiyyata, sənətə böyük diqqət göstərirmiş. Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin yaradıcılığını əzbər bilirmiş. Həm Azərbaycan, həm də dünya ədəbiyyatının tanınmış şəxslərinin əsərlərini mütaliə edirmiş. Eyni zamanda, onun gözəl rəssamlıq qabiliyyəti də varmış.QAZİLER AZ saytı Ş.Mirəzyevin Babək filmində çəkdirdiyi unikal fotonu və hələ orta məktəbdə oxuyarkən çəkdiyi böyük Azərbaycan şairi Məhəmməd Füzulinin rəsmini təqdim edir.
Soldan birinci Şirin Mirzəyevdir
Xatırladaq ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.
Ş.Mirzəyev 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olub, iyunun 20-də isə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Polkovnik leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 70 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.