RHİMİB özünün 3 yaşında bir qrup qazi ilə görüş keçirdi - FOTO

RHİMİB özünün 3 yaşında bir qrup qazi ilə görüş keçirdi - FOTO backend

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi (RHİMİB) özünün təsis olunmasının 3-cü ildönümünü bir qrup qazi ilə birlikdə qeyd edib.

Bundan öncə şəhid ailələri ilə görüşdüklərini xatırladan RHİMİB sədri Arzu Bağırova Birliyin yaradılmasının 3-cü ildönümünü pandemiya məhdudiyyətlərinə görə geniş keçirmək mümkün olmadığını, ona görə də, hissə-hissə şəhid ailələri, qazilər, hərbiyönnümlü QHT rəhbərləri və ziyalılarla görüşməyi, ötən dövrdə görülmüş işlər haqqında məhz onlara məlumat verməyi, şəhid ailəsi üzvlərini, qaziləri dinləməyi, onların tövsiyyələrini eşitməyi daha məqsədəuyğun saydıqlarını vurğulayıb:

“Birliyimizin qurulmasının 3-cü ili tamam olur. Öncəki iki il içində görülmüş işlərlə bağlı RHİMİB-in açıqlamaları dövri mətbuatda, ictimai birliyin nəşrində öz yerini tapıb. Keçən il QHT fəaliyyəti üçün özünəməxsus çətinliklərlə dolu, xüsusi məsuliyyətli il oldu. Bir tərəfdən qlobal pandemiyadan irəli gələn məhdudiyyətlər, digər tərəfdən 12-16 iyul Tovuz Döyüşləri, 27 sentyabrda başlayan 44 günlük Vətən Müharibəsi və sonrasında yaşananlar 2020-ci ili öncəki illərdən kəskin şəkildə fərqləndirdi. Sizə məlumat verə bilərəm ki RHİMİB bütün bu müddət ərzində öz mənəvi məsuliyyətini müstəvi üzərində maddiləşdirən bir vətəndaş cəmiyyəti institutu olaraq özünü təsdiq edə bildi. Bu çox qürurverici haldır və bu məmnuniyyəti, qürurumuzu Sizlərlə bölüşə bildiyimiz üçün çox şadıq.



Əziz qazilərimiz, biz sizlərə minnətdarıq!

Tanrıya şükürlər olsun ki düşmən üzərində tarixi zəfər qazanmışıq, şəhidlərimizin qanı yerdə qalmayıb. Bundan sonra biz vətəndaş cəmiyyəti təmsilçiləri də öz mənəvi məsuliyyətimizi hiss edərək, şəhidlərimizin ruhunun şad olması, tarixi zəfərimizin daha da möhkəmlənməsi, necə deyərlər, azadlıqdan abadlığa, vəhşi düşmənin işğal dağıntılarından dinc quruculuğa keçidə töhfələr verməkçün əlimizdən gələni edəcəyik”.



Vətən Müharibəsinin qaziləri "Vətənə xidmətə görə" ordeninin 3-cü dərəcəsi və bir sıra medallarla təltif olunmuş polkovnik-leytenant Amil Göyüşov, döyüşlərdə ağır yaralanmış qazi Elnur Xəlilov, I Qarabağ müharibəsində sağlamlığını itirmiş qazilər - bugünlərdə cənab Prezident tərəfindən uyğun olaraq "Vətənə xidmətə görə" ordeni və "Tərəqqi" medalı ilə təltif olunmuş məşhur paralimpiyaçılar İlham Zəkiyev və İlham Məhərrəmovla keçirilən görüşdə – Milli Məclisin Komitə sədrləri Qənirə Paşayeva, Sadiq Qurbanov və Millət vəkili Ceyhun Məmmədov iştirak edib.

Millət vəkilləri Arzu Bağırovanın timsalında RHİMİB-in bütün üzv və təəssübkeşlərini təbrik edib, onlara yeni uğurlar diləyib. Q.Paşayeva, S.Qurbanov və C.Məmmədov RHİMİB-in öz yaranma gününü şəhid ailələri ilə keçirməsini alqışlayaraq, bunun məhz ali dövlət rəhbərliyinin qazilərə yüksək diqqət-qayğısından örnək götürmək kimi xarakterizə ediblər.