Zakir Həsənov qadınları təbrik edib backend

Zakir Həsənov qadınları təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

Qazilər.az xəbər verir ki, təbrikdə deyilir:

"Əziz xanımlar!

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və hər birinizə ən xoş arzularımı çatdırıram.

Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınıb. Onlar ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etməklə Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim əzmlə çalışırlar.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ötən ilin sentyabrın 27-dən başlayaraq 44 gün müddətində davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu işğal altında olan tarixi torpaqlarımızı azad edərək Zəfər qazandı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu Zəfərin əldə olunmasında göstərilən qəhrəmanlıq, qorxmazlıq Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyinin, onları xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşdırmasının başlıca göstəricisi kimi təsdiqləndi.

Qadınlarımızın həyatın bütün sahələrində aktiv fəaliyyəti olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun xanım əməkdaşları Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə xüsusi fədakarlıq nümunələri göstərərək Qələbənin qazanılmasına öz töhfələrini veriblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin milli maraqlarına xidmət edən və tarixi ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, yüksək əxlaqi dəyərlərə, zəngin mənəvi-intellektual səviyyəyə malik olduğunun bariz nümunəsidir.

Bu gün Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən, mülki işlərdə çalışan qadınlar Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, bütün şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı ifadə edirəm.
İnanıram ki, bütün qadınlar kimi, ordu quruculuğunda xidmət edən və çalışan ana və bacılarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirəcəklər.

Əziz xanımlar!

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha təbrik edir Sizlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ölkəmizin tərəqqisi və xalqımızın firavan gələcəyi naminə gördüyünüz işlərdə uğurlar arzulayıram".