Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovu qəbul edib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şeyxülislam son illərdə QMİ ilə Astrofizika Rəsədxanası arasında qurulan əlaqələrdən danışıb. O, bu münasibətlərin səmərəliliyinin artırılmasının vacibliyini qeyd edib.
Söhbət zamanı namaz vaxtlarının, Ramazan təqviminin Azərbaycan üfüqinə uyğun hazırlanması, Ayın yenilənməsi ilə görünməsi (hilal) arasında fərqlər və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.
Dini mərkəzlə elmi müəssisənin əməkdaşlıq perspektivləri və digər maraq doğuran məsələlər müzakirə olunub.
Şeyxülislam AMEA-nın müxbir üzvü Namiq Cəlilovu Şamaxı Astrofizika Rəsədxanasının direktoru təyin olunması münasibəti ilə təbrik edib və xatirə hədiyyəsi bağışlayıb.
Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədr müavini Hacı Fuad Nurullah iştirak ediblər.