Rusiyanın getdikcə artan iqtisadi böhranını dərinləşdirən daha bir neçə faktor var. Bunlardan biri də YUKOS şirkətinin xeyrinə çıxarılmış Haaqa Məhkəməsinin qərarıdır. Qərara əsasən, Rusiya bu şirkətə 50 milyard dollar ödəməlidir.
YUKOS- RUSİYAYA QARŞIRusiya KİV-lərinə müsahibə vermiş Moskva Arbitraj Münsiflər Məhkəməsinin sədri Rusiya Münsiflər Məhkəməsi İttifaqının prezidenti Aleksey Kravtsovun bu məsələ üzrə açıqlaması böyük qalmaqal yaradıb. Məsələyə aydınlıq gətirən A.Kravtsov bildirib ki, YUKOS şirkətinin vəkilləri Haaqadakı Beynəlxalq Münsiflər Məhkəməsinə (HBMM) müraciət ediblər. 2014-cü il iyulun 28-də Haaqa Beynəlxalq Münsiflər Məhkəməsinin çıxardığı qərara görə, Rusiya hökuməti YUKOS şirkətinə 50.02 milyard dollar ödəməlidir.
Xodorkovski
Ötən ilin noyabrında YUKOS vəkilləri Rusiya hökumətinə həmin maddi iddianı irəli sürüblər. Amma rəsmi Moskva bu pulu ödəməyəcəyini bildirib. Belə olduqda, 2015-ci ilin mayında YUKOS-un vəkilləri Fransa və Belçika Məhkəmələrinə müraciət ediblər. Nəticədə, bu ölkələrdə Rusiyanın diplomatik orqanlarından başqa digər bütün nümayəndəlik və təşkilatlarının hesabına həbs qoyuldu. Hal-hazırda bu borc faiziylə birlikdə 51 milyardı keçib. Gözlənilir ki, Haaqa Beynəlxalq Münsiflər Məhkəməsinin (HBMM) qərarını əldə tutaraq ABŞ, İngiltərə və digər Qərb dövlətləri də Rusiyanın bu ölkələrdəki hesablarına həbs qoya bilər.
A.Kravtsov bildirib ki, 1959-cu ildə Nyu-Yorkda qəbul olunmuş əcnəbi arbitraj icrası barədə konvensiyanı SSRİ imzalamışdı. 1961-ci ildə qəbul edilmiş Avropa Konvensiyasına görə, dünya ticarətində iştirak edən bütün dövlətlər iqtisadi mübahisələri, nəinki dövlət, həmçinin Münsiflər Məhkəməsində də icraata yönəldə bilərlər. SSRİ həmin konvensiyaya da imza atmışdı. Rusiya isə, SSRİ-nin rəsmi varisi hesab edilir.
Kravtsov
Energetik xartiyaya görə, neft-qaz şirkətlərinin səhmdarları zəmanətçi dövləti məsuliyyətə cəlb edə bilərlər. Amma Rusiya Energetik xartiyanı təsdiqləməyib. Amma faktiki son 20 ildə bu xartiyanın müddəalarına riayət edir. Beynəlxalq hüquqa görə isə, hər hansı bir müqavilə və razılaşma (həm də xartiya) çərçivəsində sənədləri imzalamısansa, deməli, artıq bu razılaşmanı qəbul etmiş hesab edilirsən.
Bəziləri hesab edir ki, Rusiya hökumətinin HBMM-də işə baxılması üçün müraciət etdiyi “Cleary Gottlieb Steen and Hamilton LLP” və “Baker Botts” beynəlxalq vəkillər şirkəti bilərəkdən Məhkəmədə uduzublar. Amma bu belə deyil.
RƏSMİ MOSKVA YUKOSA NECƏ UDUZDURULDU?
Rəsmi Moskvanın YUKOS-a məhkəmədə uduzacağı əvvəlcədən aydın idi. Birincisi ona görə ki, YUKOS şirkətinin dağıdılması müasir Rusiya dövlət tarixinin ən böyük səhvi idi. Xodorkovskinin və onun ətrafının sıradan çıxarılması ilə Rusiyaya dəyən ziyan hələ də təmin edilməyib. Bu şirkət Rusiya və beynəlxalq qanunun kobud surətdə pozulması ilə məhv edildi. İkincisi, Ukrayna hadisələrindən sonra Qərbin siyasi dairələri YUKOS-un beynəlxalq məhkəmədə qələbə çalmasına tam şərait yaradıb dəstək də verdilər. Əksinə, Rusiyanın tərəfini müdafiə etmiş beynəlxalq vəkil kompaniyaları sözün əsl mənasında möcüzəyə nail oldular. Onlar Rusiyaya qarşı 114 milyardlıq iddianı 50 milyarda endirə bildilər.
Öldürücü müsadirə
YUKOS şirkətinin xeyrinə çıxarılmış qərara əsasən Rusiyanın diplomatik mülkiyyətindən başqa digər bütün kommersiya nümayəndəlikləri, ticarət-sənaye palatalarının əmlakları həbs edilə bilər. İddiaçılar xarici banklarda və depozitarilərdə Rusiya vətəndaşlarının və dövlətinin saxladığı səhmlərə, pul və qiymətli əşyalara həbs qoyulmasını tələb edirlər.
Ən dəhşətlisi odur ki, Rusiyanın Rezerv və Milli Rifah Fondları Qərbdə əsasən də, ABŞ banklarında yerləşdirilib. Hal-hazırda ABŞ və digər Qərb dövlətləri hələ ki, bu hesablara həbs qoymayıblar. Lakin bu hesablardan Rusiyaya pulların köçürülməsini əngəlləyirlər. Qorxulu məqamlardan biri də budur ki, rus milyonçu və milyarderlərin Avropa və Amerikadakı hesabları da təhlükə altındadır. İstənilən anda HBMM-nın YUKOS-un xeyrinə çıxardığı qərarı əsas tutub, bu hesabları həbs edə bilərlər. Amma yenə də bunu etmirlər. Lakin bu hesablardakı milyardların Rusiyaya qayıtmasına da əngəl törədirlər.
Nəyə görə?
Ona görə ki, onlar bu hesablara həbs qoysalar, rus milyonçularının və milyarderlərin Rusiyadakı pullarının Qərbə çıxarılmasının qarşısını ala bilərlər. Yəni, faktiki şərt budur ki, Rusiyadan Amerika və Avropaya pul köçürə bilərsiniz. Lakin pulların əks istiqamətdə hərəkətinə qadağa qoyulub. Əsas məqsəd – Rusiyadakı şəxsi milyardların xaricə axmasına şərait yaratmaqdır. Panikaya düşmüş rusiyalı sahibkarlar da hal-hazırda Qərbin bu oyununun qurbanlarıdır. Onların ayrı yolu yoxdur.
Bundan əlavə, HBMM-nın məlum hökmünə uyğun olaraq Rusiyanın Avropaya çıxardığı neft və qaz da həbs oluna bilər. Yəni, neft və qazın əvəzində Rusiyaya heç nə verməyəcəklər, bunu müsadirə kimi dəyərləndirəcəklər.
“ABŞ-ın təkcə Kaliforniya ştatının dövlət büdcəsi Rusiyanın büdcəsi qədərdir”
“Putin və Lavrov hadisələrin bu yöndə gedişatına görə, “güzgü cavabı” verəcəkləri ilə Qərbi təhdid edirlər. Amma bunun nə olduğunu mən anlamıram. ABŞ-ın təkcə Kaliforniya ştatının dövlət büdcəsi Rusiya qədərdir. HBMM-nın hökmünün yerinə yetirilməsinə qarşı rəsmi Moskvanın hər hansı bir reaksiyasını Brüssel və Vaşinqtonda çox diqqətlə izləyirlər. Onlar bizim mənasız müqavimətimizi gözləyirlər ki, Rusiyaya qarşı daha güclü sanksiyaları tətbiq etsinlər. Çıxış yolu kimi Rusiya hökuməti gərək YUKOS-un səhmdarları ilə razılığa gəlməlidir. Əsas məsələ xarici banklardakı və ölkələrdəki bütün daşınan və daşınmaz əmlakı Rusiyaya qaytarmaqdır. İstər-istəməz biz bu pulu ödəməliyik.
Ən qorxulusu isə budur ki, HBMM –nın məlum hökmü Rusiyada süni surətdə müflis edilmiş istənilən xarici kapitala malik şirkət üçün hüquqi presedent yaradır. Hətta Ukrayna da Rusiyanı HBMM-nın məlum qərarını əsas tutaraq beynəlxalq Məhkəməyə verə bilər. Çünki Krım yarımadası təkcə çimərliklər və otellər deyil, həmçinin Krımın akvatoriyasında tapılmış neft və qaz yataqları vardır” – deyə A.Kravtsov bildirib.
P.S. Xatirladaq ki, 1993-cü ildə yaradılmış YUKOS şirkəti Rusiyanın ən nəhəng energetik şirkəti idi. Başında Mixail Xodorkovskinin durduğu şirkət Rusiya energetik bazarının faktiki yarısını ələ keçirmişdi. 2002-ci ilin sonunda Putinin rəhbərliyi altında birbaşa YUKOS-a qarşı təzyiqlər başladı. Belə ki, Xodorkovski Rusiyanın qərbyönlü müxalifətinin ən əsas sponsoruna çevrilmişdi. Xodorkovski sifarişli qətllər və iqtisadi cinayətkarlıqda ittiham edildi. Onun həbsi və şirkətin sənədlərinin müsadirəsi ona gətirib çıxardı ki, 2006-cı ilin avqustunda dünyanın ən nəhəng neft-qaz kompaniyalarından biri olan YUKOS müflis elan edildi. 2007-ci ilin noyabrında isə şirkət ləğv edildi. 2013-cü ildə Xodorkovski həbsdən azad edildi və Rusiyanı birdəfəlik tərk etdi. O, hal-hazırda Almaniyada yaşayır. Hibraltarda qeydiyyatdan keçmiş ofşor «Group MENATEP Limited» holdinqinin əsas səhmdarlarının HBMM-yə müraciəti ilə 2009-cu ilin dekabrın 1-də Rusiyaya qarşı 100 milyard dollar məbləğində iddia irəli sürüldü. 2014-cü il iyulun 28-də isə HBMM məlum qərarı çıxardı. Qərara verilmiş izahatda yazılırdı: “YUKOS şirkəti Rusiya hökumətinin siyasi motivli hücum hədəfinə çevrildi, bu da onun dağılmasına gətirib çıxardı”.
ERMƏNİSTANI 100 MİLYARDLARLA DOLLAR CƏRİMƏ EDƏ BİLƏRİK
Qeyd edək ki, HBMM-in qərarını hər hansı bir dövlət istəsə dərhal yerinə yetirər, istəsə uzada da bilər, amma Haaqa Beynəlxalq Məhkəməsinin (onun da şöbələri var: iqtisadi, hərbi cinayət, insan haqqları və d.) qərarları məcburi yerinə yetirilməlidir. HBMM-nın YUKOS barədə qərarı rəsmi Bakı üçün də presedent yaradır ki, Ermənistana qarşı 20 ildən yuxarı işğalçılığa görə 100 milyardlarla məbləğdə ölçülən cərimə iddiası irəli sürsün. Amma rəsmi Bakı bu iddianı HBMM-ə təqdim etməli deyil. YUKOS-un işindən göründüyü kimi, HBMM-in qərarlarını dövlətlər yalnız “sərf edəndə” icra edirlər. Buna görə, müraciət HBMM-yə deyil, Haaqa Beynəlxalq Məhkəməsinə edilməlidir.
Sevda Elay (Əsgərova)