Azərbaycan Memarlıq və İnşaat Universitetinin 60-dək tələbəsi iyulun 10-dan 15-dək “Təmiz Şəhər” ASC-də təcrübə keçiblər.
QAZİLER.AZ saytı xəbər verir ki, ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tələbələr Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu ilə əyani tanış olublar. Onlara məlumat verilib ki, burada Bakıdan yığılmış tullantılar qəbul edilərək çeşidlənir. Zavodda il ərzində 200 min ton tullantı çeşidlənir. Tullantıların tərkibindəki metal, şüşə, kağız, plastik kimi materiallar ayrılır və təkrar emala yönəldilir.
Təcrübəçilər Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun iş prosesini də izləyiblər. Bu zavod 100 min evi elektrik enerjisi ilə təmin edə bilir. Təkrar emala yararlı olmayan tullantılar bu zavoda nəql edilir və burada yandırılaraq elektrik enerjisi hasil olunur. Zavodda il ərzində 500 min ton tullantı yandırılır.
Tələbələr tullantıların zərərsizləşdirilməsi poliqonuna da baş çəkərək ərazinin son 4-5 ildə necə dəyişdiyini müşahidə ediblər. Burada tullantılar basdırılır və üzəri xüsusi materiallarla ikiqat izolyasiya edilir. Əvvəllər Bakıdan yığılan tullantılar birbaşa bu əraziyə atılırdı və ekoloji problemlər yaradırdı.