İbad Hüseynov: “Vətən müharibəsi bu gerçəyin ən böyük isbatıdır”
Ermənistanın sabiq prezidenti Serj Sərkisyan Vətən müharibəsində Ermənistan ordusunun Azərbaycan hərbçilərinə qarşı “İsgəndər” raketləri tətbiq etdiyi ilə bağlı açıqlama verib. Sərkisyanın sözlərinə görə, Şuşa şəhərinə atılan bu raketlərdə məqsəd Azərbaycan ordusunun uğurlu hücum əməliyyatı əngəlləmək olsa da, müharibə Ermənistan üçün faciəvi sonluqla nəticələnib.Moderator.az-a açıqlamasında Serj Sərkisyanın məlum açıqlamasına münasibət bildirən Milli Qəhrəman İbad Hüseynov, məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında böyük qəhrəmanlıqlara imza atması, işğalçı ordunu darmadağın edərək əzəli torpaqlarımızdan qovması tariximizin ən şanlı səhifələrindən biridir. Hərbçilərimiz bu müharibə dövründə düşmən üzərində sadəcə qələbə çalmadı, həm də onu bütün dünyada rüsvay etdi. Müharibə dövründə 10 mindən çox erməni hərbçisinin öz döyüş mövqeyini atıb qaçması, bölük və tabor komandirlərinin fərarilikdə bir-biri ilə yarışması düşmənin Azərbaycan əsgəri qarşısındakı qorxu və təlaşının göstəricisi idi. Təsadüfi deyil ki, sürətli hücum əməliyyatı həyata keçirən ordumuzun sarsıdıcı zərbələri bir çox hallarda erməni ordusunu tank və topları, ağır artilleriya vasitələrini belə atıb qaçmağa vadar edir, nəticədə bu texnikalar ordumuz tərəfindən hərbi qənimət kimi ələ keçirilirdi. Əslində Serj Sərkisyanın “İsgəndər” rakjetləri ilə bağlı səsləndirdiyi açıqlama da, Azərbaycan ordusunun məhvedici hücum əməliyyatları qarşısında Ermənistan ordusunun nə qədər aciz və çarəsiz olduğunu göstərir. Sərkisyan etiraf edir ki, “İsgəndər” raketlərinin tətbiqi belə Azərbaycan ordusunun uğurlu həmləsinin qarşısını ala bilməyib. Düşmən dilindən səslənən bu fakt bir daha Azərbaycan ordusunun necə qüdrətli, necə yenilməz olduğunu sübut edir. Bu fakt bir daha onu göstərir ki, öz haqlı, ədalətli mübarizəmizdə bizi heç nə - nəinki “İsgəndər” raketləri, heç “S-400” kompleksləri belə saxlaya bilməzdi. Azərbaycan əsgərinin, Azərbaycan zabitinin hünəri, cəsarəti qarşısında hər cür texnika və texnologiya acizdir. Ermənistan hərbi-siyasi rəhbərliyi bu həqiqəti həmişəlik dərk etməli və yadda saxlamalıdır. Bu baxımdan ermənilərin Vətən müharibəsi tarixini tez-tez vərəqləməsində, “gözü çıxmış qardaşlarının” aqibətindən dərs almasında fayda var”.