Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Salyan rayon sakini, Vətən müharibəsinin şəhidi, kapitan Samir Mehdiyevin atası, tanınmış mədəniyyət işçisi Valeh Ədalət oğlu Mehdiyevlə Mədəniyyət Komitəsində görüşüb.
Qazilər.az xəbər verir ki, millət vəkili Valeh Mehdiyevin şəhid zabitin həyat və döyüş yolu haqqında xatirələrini dinləyib.Valeh Mehdiyevin uzun müddət mədəniyyətimizə xidmət etməsindən, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində rolundan danışan Komitə sədri deyib ki, o öz sevgisini, tərbiyəsini böyük ölçüdə övladına da ötürə bilib:
“Samir 2016-cı il Aprel döyüşlərində də iştirak edib və cənab Prezidentin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində tabor komandiri olaraq igidlik və peşəkarlıqla döyüşən oğlunuz Füzuli rayonu ərazisində, Qaraxanbəyli istiqamətində əsgərləri ilə çiyin-çiyinə vuruşub, düşməni məğlub etdikdən sonra qəhrəmancasına şəhid olub.
Zabit oğlunuz Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Samir kimi hərbçilərimizlə hər zaman qürur duyacağıq!”
Millət vəkili Komitə adından V.Mehdiyevə təbrik və təşəkkür məktubu təqdim edilib.