Qazilərə vəzifələr verilir - “Seçkili orqanlara da düşsünlər” təklifi

Qazilərə vəzifələr verilir - “Seçkili orqanlara da düşsünlər” təklifi backend

Vətən müharibəsi qəhrəmanlarının İH-lərdə, YAŞAT Fondunda irəli çəkilməsi tendensiyaya çevrilir, bu ənənə seçkili orqanlarda da davam etdirilə bilər; Razi Nurullayev: “Onların seçkidə namizədliyinin irəli sürülməsi yaxşı olardı”

Vətən müharibəsi qəhrəmanlarının icra strukturlarında, ayrı-ayrı humanitaryönlü fondlarda vəzifələrə irəli çəkilməsi tendensiyaya çevrilir.

Torpaq uğrunda sağlamlığını itirən, yaxud həyatını riskə atan gənclər, Qarabağın işğaldan azad olunmasında fədakarlıq göstərmiş, tarix yazmış qazilərimizə səlahiyyətlər verilir, müxtəlif strukturlarda təyinat alırlar.

“Yeni Müsavat”ın verdiyi xəbərə görə, bugünlərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə də qəhrəman hərbçimiz təyin olunub.

Prezident tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu artıq sözügedən şöbənin müdiri vəzifəsini daşıyır. O, Füzulinin azad edilməsi istiqamətindəki hərbi əməliyyatlarda iştirak edərək, yaralanıb. Bəli, bu, çox yaxşı ənənədir, xoşagələn nümunədir.

Çünki təkcə dövlət rəhbərliyi deyil, bütövlükdə onun səlahiyyətli nümayəndələri də qazilərə diqqət göstərməli, onların bilik və bacarıqlarından istifadə etməli, kadr kimi imkanlarından yararlanmalıdır.

Eyni zamanda qazilərin İH-də şəffaf fəaliyyət göstərəcəyinə kimsənin şübhəsi ola bilməz. Bundan əlavə, İH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə məhz elə qazilərin, yaxud şəhid ailəsi üzvünün müdir təyin olunması vacibdir. O, hansısa bürokrat məmura çevrilməyəcək, müharibə qazilərinin, şəhid ailələrinin problemlərinə istiqanlı yanaşacaq, ürək qızdıracaq. Bir çox hallarda qazilərin, şəhid ailələrinin icra başçılarından, məmurların biganəliyindən giley-güzarına rast gəlirik. Hətta onları təhqir edən, qəbuluna gələni qapısından qovan icra hakimləri, məmurlar belə olur.

Bu baxımdan qazilərin ictimai-siyasi həyatda fəallığı, vəzifələrdə təmsilçiliyi onların problemlərinin həllini də sürətləndirmiş olar. Yeri gəlmişkən, elə YAŞAT Fondunun rəhbərliyinə də qazi gətirilib, həmçinin İdarə Heyətində şəhid ailələrinin nümayəndələri təmsil olunublar.

Bu yanaşma müharibə iştirakçılarının qayğılarına diqqət göstərməkdə əhəmiyyətli faktordur. Amma onların təkcə icra orqanlarında deyil, seçkili orqanlarda da təmsil olunmasına zərurət var.

Qazilərin, şəhid ailələrinin nümayəndələrinin parlament və bələdiyyə seçkilərində namizədliklərinin irəli sürülməsi nəzərdə tutulmalıdır.

Bu təkliflər vaxtaşırı səslənir və təbii ki, seçkili orqanda təmsilçilik üçün missiya daha çox siyasi partiyaların üzərinə düşür.

Əlbəttə, qazi, yaxud şəhid ailəsi seçkidə bitərəf, müstəqil şəkildə də namizədliyini irəli sürə bilər, amma siyasi təşkilatların dəstəyi olanda daha effektiv nəticə alınır.

Niyə də Milli Məclisdə şəhid anası və ya xanımı deputat kimi fəaliyyət göstərməsin, niyə də qazimiz parlamentə düşməsin, yaxud bələdiyyə üzvü, bələdiyyə sədri seçilməsin?!



Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a qeyd etdi ki, qazilərimizin müxtəlif dövlət strukturlarında çalışması müqabildir, bəyənilən addımdır. Deputatın sözlərinə görə, bununla belə xeyli qazimizin işə və təhsilə ehtiyacı var: “Bir çoxunun ali təhsili, əlində peşəsi yoxdur.

Növbəti parlament çıxışımda bu məsələni qaldırmaq istəyirəm ki, universitetlərdə 1-2 illik kurslar yaradılsın, hərəsi 50-100 qaziyə təhsil versin, sonra peşə məktəblərində oxusunlar və sənəd alsınlar. Elə bilirəm ki, bu iş universitetlər üçün çətin olmaz".

R.Nurullayev seçkili orqanda təmsilçiliyə gəlincə, qeyd etdi ki, hər seçkidə xeyli qazimiz iştirak edir: “Onların seçilib-seçilməməsi göstərişlə olmur. Seçkili orqanlar təyinatla olmur. Müxtəlif sahələrdə savadlı qazilər vəzifələrə təyin oluna bilərlər.

Bizim partiyada bu məsələ hər zaman nəzərə alınıb, qazilər seçkilərdə iştirak ediblər, bundan sonra yenə həyata keçiriləcək, digər partiyalarda da nəzərə alınır.

Onu da deyim ki, qazilərimizin sayı artır, içində savadlı kadrlar olduğuna görə partiya üzvlüyü varsa, onların seçkidə namizədliyinin irəli sürülməsi yaxşı olardı".



Rey Kərimoğlu

Qarabağ qazisi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Rey Kərimoğlu “Yeni Müsavat”a bildirdi ki, Prezidentin tapşırıqlarından sonra İH-lərdə qaziləri, qazi övladlarını, o cümlədən şəhid ailəsi üzvlərini işə götürürlər. “Amma burada bir problem var ki, 35 yaşa qədər olanlar işə götürülür. Bu yaş həddi azdır, müharibədə iştirak edənlərin çoxu yaşı 35-i keçənlərdir. Ona görə bu məsələyə düzəliş edilməsi lazımdır. Çünki nə qədər şəhid ailəsi, qazi işəgötürmədən kənarda qalır”, - deyə R.Kərimoğlu bildirdi.

Onun sözlərinə görə, qazilərin bələdiyyə seçkilərində müəyyən qədər təmsilçiliyi var: “Amma parlamentdə qazilərimiz yoxdur. Etimad Əsədov seçkidə iştirak etmişdi, amma saxtakarlığa yol verildi, parlamentə düşə bilmədilər. Onların seçkili orqanlarda təmsilçiliyi yaxşı təklifdir. Mən bu ideyanı dəstəkləyirəm. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibində qazilər, şəhid ailələri var, bu da müsbət haldır. Ona görə niyə də parlamentə, bələdiyyəyə seçilməsinlər?!"



Xəzər Teyyublu

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Xəzər Teyyublu da müharibəni yaşayan, hazırda sosial qayğıları olan bu insanların irəli çəkilməsini müsbət hal kimi qiymətləndirir. Onun fikrincə, qazilərin parlament və bələdiyyə seçkilərində iştirakına şərait yaradılmalıdır, dəstək verilməlidir: “Qazilərin vəzifələrə çəkilməsi bürokratiyanın aradan qaldırılmasına xidmət edəcək. Partiyaların da üzərinə iş düşür. Partiyaların fəal olan qazi, yaxud şəhid ailəsi üzvlərinin seçkili orqanlarda təmsil olunmaq üçün namizədlikləri irəli sürülməlidir. Ümumiyyətlə, qazilərin siyasi proseslərdə iştirakı, siyasi fəaliyyətinin olması zəruridir. Çünki Vətən müharibəsi ideoloji proses idi və qazilərin öndə olması cəmiyyətə faydalı olar".

“Yeni Müsavat”
Diaspora