Vətən müharibəmizdə şəhid olan hərbçilərimizdən biri də müddətdən artıq hərbi qulluqçu Bədirov Murad Qismət oğludur.
Moderator.az-ın əməkdaşı şəhidimizin ailəsi ilə görüşmək üçün Cəlilabadın Kazımabad kəndinə yollanıb.Beləliklə, şəhid hərbçimizin döyüş yolundan bəhs edən həmin yazını təqdim edirik:
Bizi Kazımabad kəndində şəhidimizin atası Qismət kişi qarşıladı. Muradla bağlı atasıyla həmsöhbət olduq. Şəhid atası deyir ki, hələ Muradın beş yaşı olanda o, anasını itirib:
“Özüm sürücü işləyirəm. İki oğlum var. Murad isə evin kiçiyidir. Əzab-əziyyətlə böyütmüşəm uşaqlarımı. Muradın beş yaşı olanda anası xəstələnərək dünyasını dəyişdi. İki övladıma həm atalıq, həm də analıq etdim. Övladlarım böyüyəndən sonra mənə kömək etmək istədilər. Mənim də bir ata kimi borcum övladlarımın gələcəyin qurmaqdır. Böyük oğlum Mahsun hərbi xidmətdən qayıtdıqdan sonra məktəbdə gözətçi işləməyə başladı”.
“Muradla sonuncu dəfə sentyabrın 8-də danışdıq...”
“Murad da iyul ayında hərbi xidmətini başa vurub evə qayıtdı. Sentyabr ayında Murad müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında işə başladı. Elə sentyabr ayı da döyüşlər başladı. Muradla sonuncu dəfə sentyabrın 8-də danışdıq. Dedi ki, “ata, hər şey yaxşıdır”. (Ağlayır) Ondan sonra Muradla əlaqə saxlaya bilmədik. Onu çox axtardım, amma tapa bilmədim. Muradın şəhid xəbərini bizə oktyabrın 18-də verdilər və oktyabrın 19-da onu yaşadığımız kənddə böyük izdihamla dəfn etdik. İndi də hara baxıramsa, gözlərim Muradı axtarır”.
Şəhid atası yerli məmurların ona qarşı olan biganəliyindən gileylənib. Onlardan biri də kəndin icra nümayəndəsi Rövşən Həsənovdur. Şəhid atası deyir ki, məni ən çox incidən məmurların şəhid ailələrinə olan diqqətsizliyidir. Cəlilabadda isə bu hallar tez-tez baş verir:
“Üç min manat dəfn pulunu almaq üçün sənəd qalmadı toplamayam. Təsəvvür edin oğlum şəhid olub mən onun dərdini çəkmək əvəzinə, düşüb sənəd axtarıram. Hələ indiyə kimi isə 11 min manat sığorta pulunu almamışam. Uzun mübahisədən və əzab-əziyyətdən sonra dünən icra nümayəndəsi Rövşən Həsənov mənə arayış verib. Təsəvvür edin icra nümayəndəsinin Ramil adlı müavininə zəng vururam telefona cavab vermir. Hələ Rövşən Həsənov Muradın qırx mərasimini keçirəndə məni çadır qurmağa qoymurdu. Daha sonra gedib İcra Hakimiyyətinə şikayət edəndən sonra icazə verdilər. Daha sonra Rövşən Həsənov mənə zəng vurub dedi ki, “sən nə məsuliyyətsiz adamsan”. Şəhid atasına belə söz deyərlərmi? Hələ bunların özbaşınalığından bir dəfə deputatımız Fəzail İbrahimliyə şikayət etdim. Ondan sonra qapıma gəlib gildeylənirlər ki, niyə bizdən şikayət edirsən. Heç İcra Hakimiyyətində də bir şəhid atası kimi gedib problemini deyəndə baxan yoxdur”.
Şəhidimizin evində bir otaq ancaq Muradın fotolarıyla bəzədilib. Şəhid atası deyir ki, bircə arzusu odur ki, şəhid oğlunun adı yaşadılsın. Başqa heç kimdən, heç nə istəmir. Sonda şəhidimizin atasına başsağlığı verib ordan ayrıldıq. Şəhid ailəsinin problemini həll etmək üçün aidiyyatı qurumlara müraciət edəcəyik”.


