Rəsmi Bakı YUNESKO-nun xətti ilə Ermənistanda keçirilən tədbirə etiraz etdi

Rəsmi Bakı YUNESKO-nun xətti ilə Ermənistanda keçirilən tədbirə etiraz etdi backend

"YUNESKO-nun xətti ilə “Mədəniyyət siyasəti və Mədəniyyət naminə siyasət” adlı üçüncü beynəlxalq konfransın Ermənistanda keçirilməsi təəssüf doğuran haldır. İ

İşğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanın öz ərazisində Azərbaycan xalqının tarixi maddi-mədəni irsinə qarşı ifrat vandalizm siyasətini həyata keçirən bir ölkənin mədəniyyət siyasətinə həsr olunan konfransa ev sahibliyi etməyə mənəvi, mədəni, siyasi və hüquqi haqqı çatmır!" Bunu Trend-ə Ermənistanda YUNESKO-nun xətti ilə “Mədəniyyət siyasəti və Mədəniyyət naminə siyasət” adlı üçüncü beynəlxalq konfransın keçirilməsini və bu tədbirdə çıxış edən Ermənistan rəsmilərinin fikirlərinə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, tədbirdə çıxış edərək “digər xalqların mədəniyyətinə hörmətsizliyi mədəni soyqırım” adlandıran Ermənistan rəsmisi əslində, Ermənistanın Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı həyata keçirdiyi siyasətinə qiymət verir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə 927 kitabxana, 9 məscid, 44 məbəd, 464 tarixi abidə və muzey, 40.000 ədəddən artıq muzey eksponatı talan edilib, viran və dağıntıya məruz qoyulub. Ermənistanın yürütdüyü “mədəniyyət siyasəti”nin nəticəsidir ki, Laçın muzeyindən talan edilmiş gümüş əl çantası Londondakı Sotheby’s auksionunda 80.000 ABŞ dollarına satılıb. Ermənistanın ərazisində tarixi Azərbaycan torpaqlarında da Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini irs eyni aqibətlə üzləşib və onlara qarşı da Ermənistan rəsmilərinin bəhs etdiyi “mədəni soyqırım” siyasəti həyata keçirilib".

XİN rəsmisi deyib ki, hərbi münaqişələr zamanı mədəniyyət mülkiyyətinin qorunmasına dair 1954-cü il konvensiyası və onun I Protokolu üzrə işğal olunmuş ərazilərdə və hərbi əməliyyatlar zamanı mədəni mülkiyyətin qorunmasına dair dövlətlərin məsuliyyəti müəyyən edilib. 1954-cü il Haaqa konvensiyası və onun II Protokolu da işğal olunmuş ərazidə mədəni mülkiyyətin qorunmasına dair xüsusi bəndə malikdir.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamə 27-28 may 2015-ci il tarixində Küveytdə keçirilmiş xarici işlər nazirləri şurasında qəbul edilib.

H.Hacıyev bildirib ki, Ermənistanın yürütdüyü “mədəniyyət siyasəti”nin əsl mahiyyəti budur və beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq, Ermənistan bu əməllərə görə məsuliyyət daşıyır.
Diaspora