Oliqarxların Qarabağ sevdası - Qalib İsmayılov

Oliqarxların Qarabağ sevdası - Qalib İsmayılov backend

Mədəniyyət Mərkəzi məmur təhlükəsi ilə üz-üzədir...

Vətən Müharibəsi başa çatandan az sonra, hələ şəhidlərin heç də hamısı tapılıb torpağa tapşırılmamış, hələ qazilərin heç də hamısının yaralarının tikişi sökülməmiş, ayağını, qolunu itirmişlər protezlə təmin olunmamış oliqarx məmurlar övladlarının, nəvələrinin torpaq, mülk, obyekt payını təmin etmək həvəsinə düşüblər. Həm də müharibədən gizlətdikləri övladlarının, nəvələrinin... Əslində dünyanın çox yerində belədir: varlılar kasıbların hesabına qazanır, yaşayır, həm də ümummilli qələbələrə sevinir, belə zəfərlərdən bəhrələnirlər. Amma bir çox ölkələrdə varlılar bu komfortu tam da ağ eləmədən, sakit-sakit yaşayırlar. Azərbaycanda isə əksinədir. Oliqarxlar sanki “görək kim öz harınlığını daha açıq şəkildə büruzə verəcək” deyə bir yarışa qatılıblar. İş o yerə gəlib ki, artıq bu fürsətçillər öz nəfslərini, sərvət toplamaq ehtiraslarını ölkənin birinci şəxsinə, təzəcə müharibədən çıxmış ali baş komandana biruzə verməkdən də çəkinmirlər. Azərbaycanda artıq uşaqdan-böyüyə hamı çox yaxşı bilir ki, turizm baxımından Dağlıq Qabağ nəinki ölkənin, regionun bir çox istirahət zonalarını kölgədə qoyur. Dövlət başçısının Dağlıq Qarabağın tezliklə dirçəldiləcəyini dəfələrlə bəyan etməsi isə o deməkdir ki, yaxın gələcəkdə ölkənin digər turizm bölgələri əvvəlki populyarlığını qismən itirəcək. İndi bu gerçəyi ölkənin sıravi vətəndaşları da çox gözəl bilirlər. Əgər sıravi vətəndaşlar bunu bilirsə, deməli, oliqarx məmurlar, eləcə də keçmiş nazirlər nəinki vəziyyəti bilirlər, hətta bölgəyə aid hazır layihələri də var. Olmasaydı, torpaqlar azad olunan kimi prezidentə müraciət etməzdilər ki.

Məlumdur ki, Dağlıq Qarabağ işğaldan azad edilən kimi, prezidentin sərəncamı ilə Şuşa şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) regional Mərkəzi yaradıldı. Bu, sözügedən şəhərdə ilk iri dövlət strukturunun mərkəzi idi və niyə yaradılması da cəmiyyətdə heç bir sual doğurmadı. Səbəb aydındır. İşğaldan yenicə azad olunmuş ərazidir, daxili və xarici düşmənlərin hər an təxribat törədə biləcəyi regiondur və s.

Bu mərkəzin yaradılmasından dərhal sonra cəmiyyətin oliqarx kimi tanıdığı məmurlar da hərəkətə keçdilər. Bir neçəsi prezidentə müraciət etdi ki, icazə ver, biz də Şuşada rəhbərlik etdiyimiz qurumun regional mərkəzini yaradaq. Prezident də eləmədi tənbəllik, özü bu barədə mediaya açıqlama verdi. Və onların niyyətlərinin şəxsi maraq olduğunu da gizlətmədi. Dedi ki, məqsədləri bu yolla Şuşada bərqərar olmaqdır.

Deməli, prezident məmurlara Şuşada lövbər salıb milyonlarını Qarabağ vasitəsilə artırmağa icazə vermədi. Bəs onlar? Onlar bu vəziyyətlə barışıb da, prezidentin dediyi kimi, gedib yerlərində oturub, başlarını aşağı salıb,öz işləri ilə məşğul olacaqlarmı? Bu oliqarxların indiyə qədərki “fəaliyyətlərini” nəzərə alıb əminliklə demək olar ki, yox. Onlar vəziyyətlə barışıb öz işləri ilə məşğul olacaq kəslər deyillər və olmayacaqlar da. Onlar Şuşaya sahiblənmək istiqamətində bütün imkanlarını yox, sadəcə prezidentin xeyir-duası ilə olan imkanlarını itiriblər. İndi isə həmişəki “təşəbbüskarlıqla” əvvəlki planlarını işə salacaqlar.Yəni bu oliqarxlar Qarabağda DTX Regional Mərkəzinin yaradılmasından ilhamlanıb Şuşa ilə bağlı cızmış olduqları planı kənara qoyacaqlar. Ondan əvvəl - hələ müharibə gedərkən, hələ övladlarını, nəvələrini bu prosesdən gizlədib də cızdıqları planı nəyin bahasına olursa-olsun (yerli adamlarından istifadə etmək və s.) həyata keçirəcəklər.Yəni Dağlıq Qarabağda, xüsusən də Şuşada torpaq da əldə edəcəklər, otel də tikəcəklər, zavod-fabrik də yaradacaqlar, mal-mülk sahibi də olacaqlar. Bir neçə ilə biz bunun şahidi olacağıq.Yeri də gələndə prezidentdən aşağıda kimdən ki,bu iş üçün icazə alacaqlar, o deyəcək ki, dövlət başçısı Şuşada regional mərkəz açmağa icazə verməyib, otellə, zavod-fabriklə bağlı bir söz deməyib.

Nəticədə yenə də ölkənin başqa regionları kimi Dağlıq Qarabağ da keçəcək bir ovuc oliqarxın əlinə. Paytaxtda Prezident Adminstrasiyasının bir addımlığında Xəzər dənizini hasarlayan oliqarxların uca dağların başında, buludların arxasındakı Şuşada, Kəlbəcərdən əldə edəcəyini indidən təsəvvür etmək heç də çətin deyil…

Bölgədə bu vəziyyətin yaranmamasına, ya da tam yaranmamasına yalnız bir ümid var. Yerli camaatın belə hallara qarşı mütəşəkkillik nümayiş etdirməsi, ictimai nəzarəti gücləndirməsi və DTX–nın regional mərkəzinə qarşı tələbkar olması. Əks halda, olmasın keçmiş məmur, olsun yeni məmur, olmasın əvvəl ölkədə at oynadan məmur, olsun indi atı dingildəyən məmur. Sürəcək atını Şuşanın, Laçının, Kəlbəcərin dağlarına, deyəcək gülü də mənimdi. Bülbülü də bu yerlərin…

Bir sözlə Mədəniyyət Mərkəzimiz məmur təhlükəsi ilə üz-üzədir.