Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrini, həmçinin sağlamlıqlarını itirən qaziləri vaxtaşırı ziyarət edir, onların qayğıları ilə maraqlanırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları döyüşlərdə yaralanan qazi Kamran Baxışzadəni ziyarət ediblər.Xızı rayonunda yaşayan K.Baxışzadə müharibənin ilk günlərindən döyüşlərə yollanıb. Bir çox kənd və qəsəbələrin işğaldan azad olunması uğrunda silahdaşları ilə birgə mərdliklə döyüşüb. Oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşdə düşmənin atdığı mərminin yaxınlığında partlaması nəticəsində yaralanaraq, hər iki gözünü itirib. K.Baxışzadə deyir ki, bu qələbəmiz tarixdə daim yaşayacaq və böyük zəfərimiz onun qəlbini nurlandırır.
Polislər görüşdə dövlətimizin şəhid ailələrinə və döyüşlərdə sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıdan danışaraq, Vətən müharibəsində əldə etdiyimiz Qələbəni şəhidlərimizin, qazilərimizin və hazırda orduda xidmətini davam etdirən mərd oğullarımızın sayəsində əldə olunduğunu vurğulayıblar. Qazimizlə fəxr etdiklərini bildirərək, ona möhkəm cansağlığı arzu ediblər.
Göstərdikləri mənəvi və maddi dəstəyə görə Kamran Baxışzadə və ailəsi Azərbaycan polisinə minnətdarlıqlarını bildiriblər.