Özü üçün yaşamayan ADAM - 60 ili geridə qoyan Umud Rəhimoğlu

Özü üçün yaşamayan ADAM -  60 ili geridə qoyan Umud Rəhimoğlu backend

Bu gün Beynəlxalq Avrasiya Fondunun sədri Umud Rəhimoğlunun doğum günüdür

Bununla bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu öz düşüncələrini bölüşüb:

“Azərbaycanı ağ yalanla "işğalçılıqda" ittiham edən Ter-Qabrielyanın həyasızlığına dözə bilməyərək onun yaxasından tutub BMT tribunasından aşağı salan Umud Rəhimoğlunun bu gün doğum günüdür.

Qazi Zaur Həsənov ədalətsizliyə qarşı etiraz edib özünə od vuranda, məmləkət Qaziləri ayağa qalxanda dövlətlə onlar arasında körpü olan, bu işdə dövlətçilik baxımında çox böyük iş görən U.Rəhimoğlu...

Şəhid məzarları ilə bağlı gərginlik yarananda yenə önə çıxıb ağsaqqalıq edən Umud Rəhimoğlu...

O, dostlarının, tanışlarının, lap tanımadığı birisi olsun, problemi olarsa tərəddüd etmədən yükünün altına çiyin verər.

...Gözəl qələm adamları, amma bəzən "bəxti gətirməyən ədəbi nəsil" nümayəndələri adlandırılan rəhmətlik Şaiq Vəli, Əlisəmıd Kür, Murad Köhnəqala, Tofiq Qaraqaya ilə Rəhimoğlunun yaratdığı BAMF ocağında tanış olduq.

Dövləti, dövlətçiliyi qorumaq adıyla bəziləri oyun oynayanda, pul qazananda, vəzifə sahibi olanda, savadsız, bacarıqsız övladlarını, qohumlarını, trollarını ora-bura dürtəndə Rəhimoğlu dövlətə, dövlətçiliyə xidmətin təmənnasız nümunəsi oldu.

BDU-nu fərqlənmə diplomu ilə bitirən, bu uğuru Londonda davam etdirib tamamlayan qızına bu məmləkətdə “iş tapılmadı“. Halbuki o bu gün çalışdığı “Əl-Cəzirə“də çox böyük uğurlara imza atır.

Amerikda orta məktəbi bitirən, elə o Amerikada da universitet təhsili alan bircə oğluna Azərbaycanda “iş tapılmır“...

ADAM zərurət olanda vaxtından, pulundan, canından keçməyə tərəddüd etmədi.

Çoxunun səsini belə eşitməyə həsəd apardığı, çoxunun onunla görüşməyi xəyalına belə gətirmədiyi CNN-nin məşhur siması Cim Klinsi Azərbaycana gətirdi. Azərbaycan həqiqətlərinin yayılmasına ehtiyac olduğu dövrdə, Qarabağla bağlı dərd-sərimizi dünyaya çatdırmaq üçün ölkəmizə gətirdi.

1992-94-cü illərdə Azərbaycana qarşı informasiya blokadasını yarmaq üçün tanıdığı jurnalistləri məmləkətə səslədi. Onları öz evində ağırladı, cəbhə bölgəsinə apardı...

Yazılarını sevə-sevə paylaşdığımız, ədalətli mövqeyini bəyəndiyimiz litvalı jurnalist Riçard Lapaytesi onun ofisində görmüşdüm. Onda bildim ki, o elə həmin illərdə Umud müəllimin evini öz evi bilib, qapısını döyüb. Dünyaya Xocalı dəhşətini, Qarabağ həqiqətlərini çatdıran belə imzalar çoxdur.

Təbii ki, Umud Rəhimoğlu bu millətin, bu dövlətin bir fərdidir. Hamı kimi onu da üzənlər, hamı kimi ona da çamur atanlar var, olub və olacaq. Amma inanmıram ki, onların Umud Rəhimoğlunun keçdiyi yoldan - Vətən, millət üçün etdiyi təmənnasız xidmətindən xəbəri ola. Onlar bundan xəbərsizdilər. Bunu bilib ona qəsdən çamur atanlar varsa demək, onlar şəxsi maraqları naminə bunu edirlər. Və ya ola bilsin ki, nə vaxtsa Umud Rəhimoğlunun dediyi bir obyektiv fikrə görə içində ona kin bəsləyib, indi o kini, xıltı püskürür...

Umud Rəhimoğlu ədəbiyyatda, jurnalistikada qalsaydı özündən sonra çox gözəl ədəbi irs qoyub gedərdi. Həyatının müəyyən dövründə yazıb-yaratdıqları sevilə biləcək ədəbi nümunələrdir. Mən demirəm ki, Umud Rəhimoğlu Ramiz Rövşəndir, ya da Vaqif Bayatlıdır, yox. Amma o, özünü yazar hesab edən çoxundan yaxşı poetik düşüncəyə malik insandır. Yəni ədəbiyyat insanıdır...

Bir daha xatırladım ki, son döyüşlərdə də, Tovuz döyüşlərində də, lap ondan əvvəl də dünyanın ən nüfuzlu kanallarının Azərbaycana gəlməsini məhz Umud Rəhimoğlu təşkil edib. 44 günlük Vətən müharibəsindən 20 gün sonra da o, müavini Ramin Əzizlə birlikdə “çöllərdə“ qaldı. Əsgərlərimizi tək buraxmadı, əlindən gələn köməyi etdi, şəxsi tanışlığı, təşəbbüsü ilə Azərbaycana gələn xarici jurnalistlərlə daim səngərlərdə oldu Umud Rəhimoğlu.

Son hadisəni də xatırlatmasam olmaz. Uyğun yerdə dəfn edilməyən şəhid məzarları ilə bağlı da Umud müəllim işə qarışmışdı. Problemin həll edilməsində onun böyük əməyi oldu...

Umud Rəhimoğlu uğurlarını yalnız öz zəhməti bahasına əldə edib.

Doğum günün mübarək, özü üçün yaşamayan, ADAM!

P,S. “Qarabağ qaziləri” ictimai birliyi, Asif (Fred) Məhərrəmov adına Milli Qəhrəmanların İnkişafı Fondu və Qaziler.az saytının kollektivi Umud Rəhimoğlunu 60 illik yubileyi münasibətilə təbrik edir, ona Azərbaycan xalqının xoş gələcəyi naminə gördüyü xeyirxah işlərdə və şəxsi həyatında uğurlar arzulayır.

Diaspora