MM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Mehman Əliyevin ailə üzvləri ilə görüşüb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tərtər şəhər Uşaq Musiqi Məktəbinin müəllimi olmuş şəhid Mehman Sovet oğlu Əliyevin həyat yoldaşı Aynurə Əliyevaya və şəhidin qızı Nuranə Əliyeva ilə Mədəniyyət Komitəsində görüşüb, şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:“Əziz Aynurə xanım, sizin Tərtər şəhər Uşaq Musiqi Məktəbinin müəllimi olmuş həyat yoldaşınız Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtərdəki mülki yaşayış məntəqlərini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində şəhid olub.
Rəşadətli Ordumuzun fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub, şəhidlərimizin ruhu şad olub.
Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
Şəhid mədəniyyət işçisinin ailəsinə Mədəniyyət Komitəsi adından Məktub təqdim edilib.
Aynurə və Nuranə Əliyevalar səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.