Son günlər sosial şəbəkələrdə şəhidlərimizin məzarını su basması ilə bağlı videolar yayılıb.
Görüntülərdən məlum olur ki, dəfn olunduqdan bir müddət sonra şəhidin qəbri su içində qalıb və yararsız hala düşüb. Hadisə şəhidlərin ailələri və əhali arasında narazılığa səbəb olub. Onlar övladlarının uzaq və bataqlıq yerlərdə dəfn olunmasına etiraz edirlər.Məsələ ilə bağlı Yenisabah.az-a danışan Gender Araşdırmalar Mərkəzinin tədqiqatçısı, ilahiyyatçı Elşad Miri qəbirlərin yerinin dəyişdirilməsinin İslamda qadağan olmadığını bildirib:
“Dində qəbirlərinin yerinin dəyişdirilməsi ilə bağlı bir qadağa və ya hökm yoxdur. Amma peyğəmbərin dövründə belə bir məsələ olub ki, savaş əsnasında dünyasını dəyişənlər, öldürülən yaxud şəhid olanların hamısı yığıb şəhərə geri qaytarmaq mümkün olmayıb. Həm iqlimə, həm coğrafi mühitə görə bu çətin olub və bu çətinliyə görə onları elə şəhid olduqları yerdə, hətta əyinlərindəki paltarlarla bir yerdə, yuyulmamış, kəfənləməmiş, çoxunu eyni yerdə dəfn ediblər. Belə hallar tarixdə olub. Yaxud kimsə kənarda vəfat edibsə, onu geri – Mədinə şəhərinə gətirmək istəyəndə ailə üzvləri etiraz edib ki, o harada vəfat edibsə, orada da dəfn edilsin. İslamda yanaşma budur.
_1611847860.jpg)
Lakin bizim bugünkü məsələmiz bir qədər fərqlidir. Çünki şəhid ailəsinin, onların analarının hissini, duyğularını nəzərə almaq lazımdır. Onları incidəcək məsələlərdən uzaq dayanmaq lazımdır. Onları biz ən yüksəkdə tutmalı, canımızı-könlümüzü onlarla bir etməliyik. Çünki bu məsələ tək dini yanaşma yox, həm də milli yanaşmadır, milli heysiyyət məsələsidir. Həmin şəhidlərin məzarları dəyişdirilə bilər, bununla bağlı dində heç bir qadağa yoxdur. Sadəcə bir şeyi də nəzərə almaq lazımdır: həmin məzarlar dəyişdirilərkən ola bilər ki, şəhidimizin orqanlarından biri, yaxud bədən üzvü yoxdur. Çalışmaq lazımdır ki, bu proses valideynlər görmədən həyata keçirilsin”.