“Şəhid ailələrinin incidilməsi dövlətə qarşı qəsd planıdır” - Seyid Camal Əzimbəyli

“Şəhid ailələrinin incidilməsi dövlətə qarşı qəsd planıdır” - Seyid Camal Əzimbəyli backend

Seyid Camal Əzimbəyli Prezident İlham Əliyevə müraciət etdi

Bir neçə gündür ki, İkinci Qarabağ müharibəsində şəhid olmuş 17 hərbçinin ailəsi şəhid məzarlarının Qaradağ rayonunun ərazisindən köçürülməsi tələbi ilə etirazlarını davam etdirirlər. Ölkə ictimaiyyəti tərəfindən də yaranmış vəziyyət birmənalı qarşılanmır.

Məsələ ilə bağlı Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli şəhid ailələri ilə bağlı yaranmış vəziyyətin, bəzi məmurların laqeydliyinin cəmiyyətdə haqlı narazılıq doğurduğunu deyib. Onun sözlərinə görə, II Qarabağ müharibəsində məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycanın Ordusu qələbə sevincini xalqımıza yaşatdı: “44 günlük müharibə dövründə şəhidlərin dəfnində iştirakım zamanı şəhid valideynlərinin Ali Baş Komandana dua etdiyinin və tezliklə ordumuzun müzəffər olacağı ilə fikirlərini dilə gətirməsinin şahidi oldum. Şəhidlərin yaxınları məndən həm də İlham Əliyevə dua etməyimi istəyirdilər. Bir məqamı da qeyd edim ki, onlar nəinki 44 günlük müharibə dövründə, hətta ondan sonra da dövlət başçısının yanında olduqlarını dilə gətirirlər. İndi həmin şəhid ailələrinin bir qrupunun incidilməsi dövlətə qarşı qəsd planıdır”.
C.Əzimbəyli bir qrup şəhid ailəsinin qarşılaşdığı problemlə bağlı Prezident İlham Əliyevə müraciət də edib: “Cənab Prezident, müqəddəs şəhid doğmalarını təhqir edən, əsl haqq sahiblərini təxribatçı adlandıran işinə məsuliyyətsiz yanaşan məmurların cəzalandırılmasını xahiş edirik. Çox təəssüflər olsun ki, bu gün Sizdən nümunə götürməli olan bəzi məmurlar, tam əksinə olaraq dövlətimizi, mənəvi dəyərlərimizi təhdid edən addımlar atır”.