Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın ölkəmizdə yeni təyin olunmuş ilk səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Xuan Rodriqo Labardini Floresi Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Meksika arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadi, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin olduğu qeyd edilib.
Diplomat fəaliyyəti dövründə Azərbaycan və Meksika arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.