Dövlət Komitəsinin sədri Vətən Müharibəsi iştirakçıları ilə görüşüb

Dövlət Komitəsinin sədri Vətən Müharibəsi iştirakçıları ilə görüşüb backend

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında – Vətən Müharibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müxtəlif strukturlarının 13 əməkdaşı iştirak edib.

Komitədən Qaziler.az-a bildirilib ki, hərbi səfərbərlik zamanı könüllü şəkildə Silahlı Qüvvələrimizin sıralarına qoşulan bu cəsur və vətənpərvər gənclərin hamısı hərbi xidmətdən tərxis olunduqdan sonra öz iş yerlərinə qayıdıb.

Düşmən üzərində möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini verən Vətən Müharibəsi iştirakçıları ilə Dövlət Komitəsində görüş keçirilib. Komitə sədri Rövşən Rzayev onları qələbə münasibətilə təbrik edib, torpaqlarımızın işğaldan azad olunması üçün göstərdikləri fədakarlığa görə hər birinə minnətdarlıq bildirib.
Xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, hərbi-diplomatik məharəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu, otuz ilə yaxındır yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasına imkan yarandığı sevinc və qürur hissi ilə qeyd edilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərirlər. Bu kateqoriyalara aid vətəndaşlarımızın sosial müdafiəsi daim gücləndirilir. Vurğulanıb ki, komitənin sifarişi ilə inşa edilmiş yeni yaşayış sahələrinin şəhid ailələrinə verilməsi barədə ölkə rəhbərinin qərarını məcburi köçkünlər rəğbətlə qarşılayıblar. Onlar tezliklə bərpa ediləcək, yenidən qurulacaq doğma yurd yerlərinə qayıdacaqlar, ata-baba torpaqlarında yeni həyata başlayacaqlar.
Komitənin müharibədə iştirak edən əməkdaşlarının hərbi əməliyyatlarda göstərdikləri şücaətə görə müxtəlif dövlət təltiflərinə layiq görülməsinin kollektivdə qürur və iftixar hissi doğurduğu qeyd edilib.


Diaspora