İyulun 15-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində “Gənclik” metro stansiyasında foto-sərginin açılışı olacaq.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbir metropolitenin sosial yönlü ikinci sərgisidir. Daha öncə metronun “Nərimanov” stansiyasının təmirdən çıxan keçidləri talassemiyalı uşaqlara yardım məqsədilə sərgilənən rəsm əsərləri müəlliflərinin ixtiyarına verilmişdi. Bu dəfə isə “Gənclik” metro stansiyasının yeni təmir olunan keçidləri fotoqrafların ixtiyarında olacaq.Qeyd edək ki, “Metro Gallery” layihəsinin başlanmasına mart ayında start verilib. Layihəyə marağın həddən artıq olduğunu 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkil də sübut edir. Mövzular müxtəlif və rəngarəngdir. Onlar arasında daha istedadlı 39 iştirakçının 92 əsəri Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilib.
Seçilən əsərlər noyabrın 15-nə qədər sərgilənəcək. Sənətsevərlər bu əsərlərə “Gənclik” metro stansiyasının keçidlərində baxa biləcəklər.