Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Elman Hüseynovun oğlu Emil Hüseynov bu gün-atasının şəhadətə yüksəldiyi 14 yanvarda “YAŞAT” Fondunun Vətəndaşlarla İş şöbəsinin müdiri təyin edilib.
Qaziler.az bildirir ki, Elman Hüseynov 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.Bu gün onun oğlu Emil Hüseynova Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunda (“YAŞAT” Fondu) vəzifə verilib. Belə ki şəhid Milli Qəhrəmanın oğluna yeni yaradılan fondda Vətəndaşlarla İş şöbəsinin müdiri vəzifəsi həvalə olunub.
Qazilər.az xəbər verir ki, Emil Hüseynov bununla bağlı ölkə rəhbərliyinə minnətdarlığını bildirib: “Mənə göstərilən bu etimada görə təşəkkür edirəm. Çalışacam ki, bu etimadı döğruldum”
Xatırladaq ki, şəhid Milli Qəhrəman Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulub. 1958-1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət edib.
Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib.
O, 1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunmuşdu. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdi.
P.S. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Milli Qəhrəman Elman Hüseynovu rəhmətlə anır, ona layiq oğul olan Emil Hüseynova isə fəaliyyətində uğurlar arzulayırıq.