Ağdaşın Tofiqi kəndində şəhidin adına tikilən bulağın açılışı olub

Ağdaşın Tofiqi kəndində şəhidin adına tikilən bulağın açılışı olub backend

Ağdaş rayonunun Tofiqi kəndində Vətən müharibəsində şəhid olan Elşad Mehman oğlu Əliyevin adına tikilən “Xatirə bulağı”nın açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılışda rayon icra hakimiyyətinin məsul işçisi Qalib Həsənov, gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, I Qarabağ müharibəsi qazisi Naib Səfərəliyev, kənd ağsaqqalı Vaqif Həsənov və başqaları çıxış ediblər. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə Elşad və onun kimi şəhidlərimizin şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirən bu insanların xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağı söylənilib.

Hərbi xidmətdən qayıdan müharibə iştirakçılarının, döyüş yoldaşlarının da qatıldığı tədbirdə çıxış edən şəhidin atası Mehman Əliyev oğluna, eləcə də Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlığını bildirib.

Sonra Tofiqi kənd məktəbinin şagirdləri tərəfindən Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söylənilib.

Qeyd edək ki, şəhid Elşad Əliyev kənddə tam orta məktəbi bitirdikdən sonra Naxçıvanda həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi başlananda tankçı kimi döyüşə qatılıb. Düşmənin xeyli sayda canlı qüvvəsini, döyüş mövqelərini məhv edib. Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid Elşad Əliyev Tofiqli kənd qəbiristanlığında uyuyur.

Çiçəklərlə bəzədilən “Xatirə bulağı” buradan keçən hər bir insana şəhid Elşad Əliyevi bir daha xatırladacaq. Ətrafı abadlaşdırılan, xeyli sayda şam ağacı əkilən bu yer yeniyetmə və gənclər üçün həm də vətənpərvərlik məkanıdır.
Diaspora