Qənirə Paşayeva şəhid Nurlan Sultanovun ailəsi ilə görüşüb

Qənirə Paşayeva şəhid Nurlan Sultanovun ailəsi ilə görüşüb backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini, Vətən Müharibəsinin şəhidi Nurlan Yaşar oğlu Sultanovun qardaşı Tamerlan Sultanovla görüşüb.

Qaziler.az xəbər verir ki, komitə sədri şəhid qardaşını düşmən üzərində tarixi zəfər münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Əziz Şəhid qardaşı! Nurlan və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Qardaşınız Nurlan Vətən Müharibəsində cəsarətlə iştirak edib, həyatını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib. Qəhrəman şəhidimiz Azərbaycan Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Bu medal qardaşınıza Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət nümayiş etdirdiyinə görə verilib”.

Millət vəkili bildirib ki, indi şəhidlərimizlə yalnız doğmaları, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir:

“Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibətilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailələrisiniz. Əziz şəhid qardaşı,
Sizi düşmən üzərində qələbə münasibətilə bir daha təbrik edirəm! Xahiş edirəm bizim salam-sayğılarımızı ailə üzvlərinizə çatdırasınız”.

Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından şəhid anası Rəna Teymur qızı Mustafayevaya ünvanlanmış məktubu və üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatını Tamerlan Sultanova təqdim edib.