Aparılan monitorinqə əsasən iyun ayı ərzində televiziya kanallarında Azərbaycan mədəniyyəti və turizmi mövzusunda 1309, səksən nəşrdə 4515, 316 saytda isə 17575 xəbər, məqalə və digər janrda yazılar işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, bunu "Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz" mövzusunda keçirilən konfransdakı çıxışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, bu statistik göstəricilər ictimaiyyətin bu mövzulara nə qədər böyük marağı olduğundan xəbər verir.
Ümumiyyətlə isə, Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi monitorinqə əsasən altı ay ərzində mədəniyyət sahəsi üzrə informasiya saytlarında 76069, televiziya kanallarında 13761, qəzetlərdə 18916 material yerləşdirilib. Turizm üzrə isə saytlarda 34741, kanallarda 1841, qəzetlərdə isə 7879 dəfə məlumat yayımlanıb.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytlarında yanvar-iyun ayları ərzində səkkiz yüzdən çox xəbər yerləşdirilib.