Babək Səmidli 7 yanvar 1974-cü ildə Göyçay rayonunda anadan olub.
1993-cü ildə Türkiyədə Quru qoşunları məktəbinə daxil olub və 1997-ci ildə həmin məktəbi bitirib. Bir müddət Türkiyə Silahlı Qüvvələrində təcrübə keçmiş, daha sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. O, Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində şücaəti ilə yaddaşlarda qalıb.2000-2003-cü illərdə Ali Hərbi Məktəbdə Taqım və Bölük Komandiri kimi çalışıb.
Babək Səmidli, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış kəndi uğrunda gedən şiddətli döyüşlərdə 1-ci Ordu Korpusunun Əməliyyat Bölmə Rəisi kimi iştirak etmiş və döyüşlərdə yaralanmışıdır.
2018-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
2018-ci ilin iyun ayında polkovnik-leytenant rütbəsinə yüksəlib. Daha sonra polkovnik rütbəsini almışdır.
Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Birinci Ordu Korpusu Komandanının müavini olaraq döyüşlərdə yaxından iştirak etmişdir. Talış kəndinin və Suqovuşanın azad edilməsində müstəsna xidmətləri olub. Sentyabrın 27-dən oktyabrın 4-nə qədər davam edən Suqovuşanın azadlığı uğrunda döyüşlərin rəhbəri olub. Onun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Suqovuşanı işğaldan azad edib.
Babək Səmidli atəşkəs razılaşmasından sonra — 23 noyabr tarixində Suqovuşan istiqamətində minaya düşərək şəhid olub. O, Qırmızı xaç, rus sülhməramlıları və erməni rəsmilərindən ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalmış döyüşçülərin meyidlərini toplamaq və itkin döyüşçüləri müyyən etmək idi. Babək Səmidlinin vəfat etdiyi hadisədə həmçinin, 4 erməni və 1 rus sülhməramlısı da yaralanmışdır. Babək Səmidli anadan olduğu Göyçay Şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Zəfər" ordeni ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.