Bu gün Azərbaycanın ilk könüllü zabitlərindən Füzuli Rzaquliyevin doğum günüdür

Bu gün Azərbaycanın ilk könüllü zabitlərindən Füzuli Rzaquliyevin doğum günüdür backend

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Ədəb oğlu Rzaquliyevin doğum günüdür.

O, 1991-ci ildə yaradılan Şıxov briqadasının ilk könüllü zabitlərindən biri olub. Uzun illərdir Qarabağ Qaziləri ictimai birliyi ilə çiyin-çiyinə yol gələn təşkilatın rəhbəri bu gün 60 illiyini qeyd edir.

QAZİLƏR.AZ Füzuli Ədəb oğlu Rzaquliyev haqqında ətraflı məlumatı təqdim edir:

5 yanvar 1961-ci ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub. 1968-ci ildə Ağdərə rayonu, Xatınbəyli kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirib.

1976-1978-ci illər arasında Ağdərə rayonu, Manili kəndində tam orta təhsilini başa vurub. 1978-1980-ci illər arasında Karl Marks adına üzümçülük sovxozunda işləyib. 1980-1982-ci illər arasında Qərbi Sibirdə, Tomsk şəhərində sovet ordusunda piyada qoşun hissələrində həqiqi hərbi xidmətdə olub. Sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra 1982-ci ildə o zamankı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olub.

1986-cı ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Dağlıq Qarabağ bölgəsinə göndərilir. Təyinatla 2 il orta məktəbdə hərbi rəhbər işlədikdən sonra Bakıya qayıdır. 1989-cu ildə 135 nömrəli məktəbdə işləyib. Az müddətdən sonra Bakı Kommersiya Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub. Pedaqoji fəaliyyətlə paralel olaraq o dövrdə baş qaldıran azadlıq hərəkatının, cərəyan edən ictimai-siyasi proseslərin aktiv iştirakçısı olub.

1991-ci ildə milli ordu quruculuğuna start verilən zaman Füzuli Rzaquliyev Şıxov briqadasına yazılan ilk könüllü zabitlərdən biri olur. O zamankı Şaumyankənd istiqamətində aparılan hərbi əməliyyat zamanı qazanılan qələbədə Füzuli Rzaquliyevin xüsusi xidməti olub. Həmin ərazi indi də Azərbaycan Ordusunun nəzarəti altındadır. Döyüşdə qazanılan belə uğurlar sonradan hərbi rəhbərliyi batalyonlar formalaşdırmağa sövq edir.

1992-ci il 25 yanvarda Bakıda formalaşdırılan batalyonun tərkibində Füzuli Rzaquliyev də Şuşaya yollanır. Daşaltı əməliyyatının iştirakçısı olub. Bu əməliyyat zamanı ağır yaralanıb. Şuşanın müdafiəsində iştirak edib. Şuşanın işğalından sonra Bakıya qayıdıb.

Bakıya qayıdandan sonra 701 nömrəli briqadanın tərkibinə daxil olur. Bu hərbi birləşmənin tərkibində rota komandiri kimi Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ağdərənin bir çox kəndlərinin, Narıncların erməni işğalçılarından azad edilməsində iştirak edib. Bu dönəmdə 701 nömrəli briqadanın tərkibində mayor Süleyman Əhmədovun komandanlığı altında 713 nömrəli hərbi hissə yaradılır. Füzuli Rzaquliyev mayor Süleyman Əhmədovun təklifilə yeni yaranan 713 nömrəli hərbi hissənin qərargah rəisi təyin olunur. Hərbi hissənin qərargah rəisi kimi Füzuli Rzaquliyev Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda, bir çox kəndlərin azad edilməsində, strateji əhəmiyyət kəsb edən Hoçaz yüksəkliyinin alınmasında birbaşa iştirak edib. Ağdərə rayonundakı Vəng əməliyyatından sonra Daşaltıda aldığı yara daha da şiddətləndiyindən hərbi qospitala göndərilir. Müalicə aldıqdan sonra yenidən 713 nömrəli hərbi hissəyə qayıdır.

Bir müddətdən sonra Hacıkənddə 701 nömrəli briqadadan kapitan rütbəsilə ordudan tərxis olunur.

İkinci qrup müharibə əlilidir.

Atəşkəs əldə olunduqdan sonra köhnə döyüşçülərin iştirakıyla veteranlar birliyinin yaranmasında yaxından iştirak edir və buna nail olurlar. Bir müddət Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini olub. AVMVİB sədri Altay Məmmədov 2003-cü ildə başqa işə keçdiyinə görə istefa verir və həmin ildən bu günədək Füzuli Rzaquliyev AVMVİB-nin sədridir.

Ailəlidir, iki oğlu, bir qızı var.

Qarabağ Qaziləri ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu və QAZİLƏR.AZ saytının kollektivi adından AVMVİB sədri Füzuli Rzaquliyevi 60 illiyi münasibəti ilə təbrik edir, ona həyatda vacib olan sağlam ömür və fəaliyyətində uğurlar arzulayırıq.
Diaspora