Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə iyulun 10-da "Bizim gücümüz birliyimizdədir" layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirib.
QAZİLER.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, 11 iyul - Dünya Əhali Gününə həsr olunan tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova respublikamızda uğurla yürüdülən dövlət ailə siyasəti və Komitənin bu istiqamətdə həyata keçirdiyi müxtəlif tədbirlər haqqında məlumat verib, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının bu sahədə birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova mövzunun aktuallığını qeyd edərək bildirib ki, layihə Azərbaycan ailəsinə xas dəyərlərin və sağlam həyat tərzinin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili məqsədi ilə reallaşdırılır. O, milli mənəvi dəyərlərin qorunub saxlanılmasından, ailədə qadın və kişinin üzərinə düşən məsuliyyətdən, ailə həyatı qurarkən düzgün seçimin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlardan bəhs edib və bu cür tədbirlərin keçirilməsinin əsas məqsədinin gənclər arasında sağlam həyat tərzinin təbliği olduğunu vurğulayıb.
Məlumat verilib ki, AQUPDK tərəfindən valideyn məsuliyyəti ilə bağlı hazırlanan qanun layihəsi Milli Məclisə təqdim olunub. Sənəddə Cinayət, İnzibati Xətalar məcəllələrinə və digər qanunvericilik aktlarına dəyişikliklər nəzərdə tutulur.
Tədbirdə milli mənəvi və ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, ailənin asudə vaxtının səmərəli təşkili, demoqrafik vəziyyət, ailə–məktəb münasibətlərinin düzgün təşkili və s. mövzular ətrafında ekspertlərin çıxışları dinlənilib, intellektual oyun və idman yarışları təşkil olunub.