Keçən təkcə zaman olacaq, siz unudulmayacaqsınız...

Keçən təkcə zaman olacaq, siz unudulmayacaqsınız... backend

İki ikidən və iki sıfırdan başladı hər şey.

Yəni 2020-ci il. Bizi nələr gözlədiyindən xəbərsiz idik, amma gəlişinə çox sevinirdik...İlin əvvəli dünyanı öz cənginə almış virusla (Covid 19) başlasa da sonu Azərbaycanimiz, xalqımız, millətimiz üçün 30 ilin həsrətinə son qoyan qələbəmiz ilə bitdi.

Ali Baş Komandanımızın uğurlu siyasəti və qətiyyəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində inamla, İlhamla addımladıq bu yolda. Getdiyimiz bu yol heç də asan olmadı: əsgər və zabitlərimizin şücaəti ,könüllülərimizin fədakarlığı, qazilərimizin fiziki sağlamlıqları, şəhidlərimizin qanları, canları bahasına qazandıq bu qələbəni!

Qarlı qış günündə ayaqyalın, ac-susuz, soyuqdan yeriyə bilməyərək, min bir çətinliklə zülm, əziyyətlə çıxmışdılar yurdlarından, isti evlərindən ...Otuz il öncə ana-ata qucağında getmiş ogullar artıq böyüyüb əli silahlı, ürəyində vətən sevgisi, vətən həsrəti və qisas hissi ilə qayıtdılar bir də o torpaqlara....

Bəli, belə igidləri olan dövlət qələbə çalmalı idi....Qələbə qazandıq və haqq yerini aldı...Xarı bülbülümüz yenidən canlandı gəlişimizlə...Azad olunan torpaqlarımızda sancılan bayrağımızı görüb qürürlandıq...

Bax belə yola saldıq 2020-ci ili. Bəzəmədik əlvan işıqlı yolkamızı, düzmədik masamız üzərinə ləzzətli təamları. Çünki bu, bizə yaraşmazdı.

Artiq 2021-ci ilin ilk günlərini yaşayırıq. 01.01.2021-ci ilin cümə günü. Yeni ilin ilk gününü müqəddəs cümə günü ilə başladıq. Bu da Allahin bir hikməti idi. Allahin sevdiyi müqəddəs günlə başladıq yeni ilə. Yeni ilin birinci günü vətən yolunda canlarından keçən şəhidlərimizin, qəhrəmanlarımızın hüzuruna gəlmişdik qazi qardaşlarımızla. Uca şəhidlik zirvəsindədir onlar. Müharibənin bütün ağrı-acısını görmüşdülər və bir ömür boyu yaşayacaqdı ürəklərində...Bəli, ŞƏHİDLİYƏ ŞAHİDLİKDİ QAZİLİK! Biz sizə borcluyuq! Nə etsək də sizin borcunuzu qaytara bilmərik. Biz sizi unutmayacagiq şəhid qardaşlarımız! Şəhidlər ölməz, Vətən bölünməz!!! Bu bizim son libasımız deyərək ugruna caninizi verdiyiniz bayraq indi məzarınız üstündə və azad etdiyiniz torpaqlarımızda dalğalanır. Biz sizinlə fəxr edirik! Zaman keçəcək , günlər ayları əvəzləyəcək, aylar isə illəri....Keçən təkcə zaman olacaq, sizlər isə heç zaman unudulmayacaqsınız. Elçin Əliməmmədov, Samir Mehdiyev, Emin Qədirov, Polad Haşimov kimi şəhidlərimiz, sizin igidliyinizdən, qəhrəmanlığınızdan gələcək nəsillərimizə danışacagiq...



Cümədən şənbəyə keçdik bu gun - 02.yanvar 2021-ci il. Bu tarix isə şəhid general-mayor Polad Haşimovun doğum günüdür. Yaşasaydı bu gün düz 46 yaşını qeyd edəcəkdi Polad qardaşımız. Amma bu yaşında müqəddəs zirvədə - şəhidlik zirvəsində qeyd etdi bu günü....Biz isə onu və bütün şəhidlərimizi hörmət və ehtiramla yad etdik. Başqa nə edə bilərdik ki? Əlimizdən nə gəlirdi? Nə etsək də haqqınızı ödəyə bilmərik. Ümumiyyətlə varlığımızı öncə Allaha, sonra sizlərə borcluyuq. Haqqınızı bizlərə halal edin. Ruhunuz şad olsun, cənab general-mayor Polad Həşımov. Rahat uyuyun məzarınızda, şəhidlərim....Biz hər zaman sizi fəxrlə, qururla yad edəcəyik..Siz ölmədiniz. Siz yaşayırsınız və hər zaman da yaşayacaqsiniz......!!!

Cəvahir Ağayeva
Fərahim Sadiq
Diaspora