Qanun və tətbiqi... - Qalib İsmayılov

Qanun və tətbiqi... - Qalib İsmayılov backend

Vətəndaş üçün əsas olan qanunlar yox, onların necə tətbiqidir.

Bütün sahələrdə vətəndaşların problemlərinin həllinə yönələn, hayatnı daha da qənaətbəxş edənən mükəmməl qanunların qəbulu belə, bu işin çox cüzi hissəsidir. İnsanı yalnız kağız üzərində xoşbəxt etmək, belə demək mümkündürsə, ədəbiyyatçıların işidir. Gerçəklik isə tamam başqa müstəvidir. Çünki burada uydurulmuş obrazlardan yox, konkret insan faktorundan söhbət gedir. Dövlətin vəzifəsi isə hər bir vətəndaşını xoşbəxt etmək və ya bütün vasitələrlə buna nail olmağa çalışmaqdır. Əgər qanunlar yalnız kağız üzərində cəlbedicidirsə, bunun ədəbiyyatdan elə də böyük fərqi yoxdur. Fərq varsa da, o qanunun yox, ədəbiyyatın xeyrinədir. Əgər qanunlar həm də tətbiqi ilə cəlbedicidirsə, bu artıq həyatdır. Həm də vətəndaşı xoşbəxt edə bilən həyat.

İnsanların qayğısına qalmaq, onların vaxtını alan, bir çox hallarda həyatdan bezdirən problemlərinin ən uğurlu həlli dövlətin sosial təminatı yüksək səviyyəyə qaldırmasından keçir. Ölkədə zaman – zaman ciddi sosial proqramların, layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Amma bu, əhalinin problemlərini, xüsusilə aztəminalı insanların qayğılarını kökündən həll etmir. Bütün bullar, səhhətində ciddi problem olan xəstəyə arada sistem qoşub qanını qidalandırmaqla halını müvəqqəti yaxşılaşdırmağa oxşayır. Xəstə özünü bir müddət yaxşı hiss edir. Sonra yenə də səhhətindən əziyyət çəkməyə başlayır. Bu da onu bir başa digər problemlərlə - maddi, mənəvi, psixoloji gərginliklə üz - üzə qoyur. Bir tərəfdən səhhətinin dərdini çəkən insan digər tərəfdən, dərman almaq üçün pul çatışmazlığının, bununla ailə üzvlərini çətinə salmasının, eləcə də xəstaxanada qalmaq imkanı olmadığı üçün evdə kimlərisə özünə məşğul etdiyinin qayğısını çəkməli olur. Maddi yetərsizliyin yaratdığı mənəvi-psixoloji gərginlik sözsüz ki, min bir əziyyətlə əldə edilmiş dərmanların da öz müsbət təsirini göstərməsinə əngəl olur.

Bütün bu sadalananların baş verməməsi üçün dövlət Avropa təcrübəsindən köklü şəkildə faydalanmalı, tibbi sığortanın, aztəminatlı ailələrə dəstəyin ideal şəkildə həyata keçirilməsi mexanizmlərini yaratmalıdır. Məlumdur ki, Azərbaycanda tibbi sığorta haqqında qanun 1999-cu ildə qəbul edilib. Əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyən bu qanuna aradan keçən dövrdə yetərincə əlavə və dəyişikliklər də edilib. Ancaq bununla belə ölkədə icbari tibbi sığortanın tam tətbiqi işi hələ də həlledeci mərhələyə keçməyib. Düzdür, ölkənin bir sıra şəhər və rayonlarında bu istiqamətdə pilot layihələr həyata keçirilməkdədir. Və mütəxəssislər nəticəni müsbət dəyərləndirirlər. Ancaq bunla belə tətbiq prosesi bütün ölkəni əhatə etmir.

Azərbaycandakı mütəxəssislər prosesin axsamasının müxtəlif obyektiv və subyektiv səbəblərə bağlı olduğunu deyirlər. Ancaq bu səbəblər və onların (əsaslı-əsassız) ətraflı izahı vətəndaşların nə vəziyyətində müsbət dəyişikliyə səbəb ola bilir, nə də səhhətində. Əslində tibbi sığortanın əhalini qane edəcək, vətəndaşları yuxarıda sadaladığım maddi-mənəvi-psixoloji problemlər paketindən xilas edəcək mexanizmi və tətbiqi sahəsində dünya təcrübəsi mövcuddur. Bu sahədə yeni nələrsə icad etməyə də ehtiyac yoxdur. Sözügedən sahəyə dair qanunun qəbul edilməsində Avropa təcrübəsindən bəhrələnildiyi kimi, onun tətbiqini də Avropada olduğu kimi qüsursuz yerinə yetirmək lazımdır. Belə olduğu halda dövlət nəinki ümumən vətəndaşların, eləcə də hazırda cəmiyyətimizin ağrılı yeri olan qazilərin layiqli müalicəsini, tibbi təminatını vaxtında və daha effektiv qarşılaya bilər.

Yəni ölkə əhalisinin sosial (xüsusən də tibbi təminat baxımından) rifahını yüksəltmək üçün yalnız Avropanın mütərəqqi dövlətlərinin qanunlarını tərcümə edib qəbul etmək yetərli deyil. Həmin qanunların tətbiqini də mütərəqqi ölkələrdə olduğu kimi bütün tələbləri və məsuliyyəti ilə həyata keçirmək şərtdir.

Qalib İsmayılov


Qazilər.az
Diaspora